17 qəsəbənin daxili yolları təmir olunur

17 qəsəbənin daxili yolları təmir olunur
  31 Dekabr 2019    Oxunub:1957
Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, hazırda Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 14,5 kilometr, Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələrində uzunluğu 30 kilometr, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31,6 kilometr və Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələrində 14,7 kilometrlik daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, ümumilikdə, 600 min kvadratmetrədək təmir işləri aparılıb. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır. Təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən cari ilin 11 ayı ərzində Sabunçu rayonunda 91,6 kilometrlik 567 min kvadratmetr sahəyə, Binəqədi rayonunda 26,2 kilometr uzunluğunda 272 min kvadratmetr sahəyə, Xəzər rayonunda 51 kilometrlik 363 min kvadratmetr sahəyə, Suraxanı rayonunda isə 14 kilometr uzunluğunda 104 min kvadratmetr sahəyə asfalt-beton örtüyü döşənib. Ümumilikdə, 11 ay ərzində Bakı şəhərinin 12 rayonu üzrə 267 kilometr uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 milyon 322 min 500 kvadratmetr sahəsində asfaltlanma işləri aparılıb.

Bu çərçivədə tərtib olunmuş qrafikə uyğun olaraq, 2023-cü ilə qədər Bakı şəhərinin 60 qəsəbəsi üzrə 2200 kilometr yolun təmiri planlaşdırılır.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti