Konstitusiya Məhkəməsində direktorun şikayətinə baxılıb

Konstitusiya Məhkəməsində direktorun şikayətinə baxılıb
  31 Dekabr 2019    Oxunub:1597
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və vəkilinin, maraqlı şəxslərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru R.Əfəndiyevin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 yanvar tarixli qərarından kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, kasasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti