Bayram günlərinin hava proqnozu açıqlanıb

 Bayram günlərinin hava proqnozu açıqlanıb
  30 Dekabr 2019    Oxunub:2137
Dekabrın 30-dan 31-ə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, günün ikinci yarısında isə yağışın kəsiləcəyi gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyevə deyib. Onun sözlərinə görə, Yeni İlin ilk günü ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır.

U.Tağıyeva, həmçinin qeyd edib ki, son 20 ildə Bakıda və Abşeron ərazisində Yeni il ərəfəsində 31 dekabrda yalnız 4 dəfə - 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub: "Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı illərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir".

ETSN rəsmisi əlavə edib ki, ilkin proqnozlara görə, yanvarın 3-dən 5-dək ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə enəcək, hava yağmurlu olacaq. Dağlıq ərazilərə qarın yağacağı gözlənilir. Yanvarın 6-dan isə ölkə ərazisində hava şəraitinin yenidən mülayimləşəcəyi və yağmursuz keçəcəyi gözlənilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti