ARDNF-nin 2020-ci il büdcəsi təsdiqlənib

 ARDNF-nin 2020-ci il büdcəsi təsdiqlənib
  29 Dekabr 2019    Oxunub:3560
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi təsdiq edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 88,2 min manat, xərcləri isə 11 milyard 589 milyon 910,3 min manat məbləğində təsdiq olunub.

Neft Fondun gəlirlərinin 10 milyard 563 milyon 404,5 min manatı Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla), 4 milyon 692 min manatı karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişlər, 19 milyon 380 min manatı neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər, 1 milyard 31 milyon 271,7 min manatı Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, 765 milyon 340 min manatı neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar hesabına formalaşacaq.

Fondun xərclərinin 200 milyon manatı məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə, 11 milyard 350 milyon manatı Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertə (yuxarı hədd), 10 milyon manatı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 29 milyon 910,3 min manatı isə Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə aiddir.

Bundan başqa, “2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilib. Həmçinin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” da təsdiqlənib.

Belə ki, 2020-ci ildə fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək. 2020-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 71,2 milyard manata bərabər götürülür. Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə fondun investisiya portfelinin məcmu dəyərinin 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 20 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir: borc öhdəlikləri və pul bazarları alətləri portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 55 faizi; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları olmaqla); daşınmaz əmlak portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri (daşınmaz əmlak və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları daxil olmaqla); qızıl portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri.

Dövlət Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür. Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURİBOR faiz dərəcəsi əsas götürülür. LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər. Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI Stock Market Indexes əsas götürülür.

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət 48 aydan artıq olmamalıdır.

Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 3.3-cü bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.

Dövlət Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.

Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor’s, Fitch və ya Moody’s) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.

Azvision.az


Teqlər: ARDNF  





Xəbər lenti