Kürdəmirdə 3 yol infrastrukturu layihəsi icra olunub

Kürdəmirdə 3 yol infrastrukturu layihəsi icra olunub
  28 Dekabr 2019    Oxunub:2070
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda 3 yol infrastrukturu layihəsini icra edilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, layihələr Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarını əhatə etməklə 85.2 km uzunluğa malikdir.

Kürdəmir rayonunda icra olunan 3 yol infrastrukturu layihələri 20 minə yaxın vətəndaşın yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

Sözügedən avtomobil yolları boyu zəruri olan hissələrdfə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yolun genişləndirilməsi, qaldırılması və profilə salınması ilə yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri qum-çınqıl, üst layının optimal-qırmadaş qarışığı ilə aparılıb.

Yolların böyük hissəsi torpaq örtüklü olduğu üçün bu ərazilərdə tikinti norma və qaydalarına uyğun olaraq, yeni yolun inşası işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq, ərazilərdə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının, daha sonra isə xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa edilib.

Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.

Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb.

Azvision.az


Teqlər: Kürdəmir   Yol   Layihə  





Xəbər lenti