Şirvanda köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verildi

Şirvanda köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verildi
  27 Dekabr 2019    Oxunub:3168
Dekabrın 27-də Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, açılış mərasimində Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak edib.

Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 107-ci qəsəbədir.

Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüş zamanı bildirib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə, inşa edilmiş qəsəbələrdə 300 mindən çox məcburi köçkün ailəsi məskunlaşıb. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza xüsusi diqqət və qayğı göstərir, onların təhsil, səhiyyə kimi problemlərinin həllinə həssaslıqla yanaşır.

Məcburi köçkünlərlə görüşdən sonra yaşayış məhəlləsində mənzillə təmin edilən şəhid ailəsi Füzuli rayonundan məcburi köçkün, Məmmədova Zeynəb İsrafil qızının evinə baş çəkilib. Dövlət Komitəsinin sədri burada yaradılan şəraitlə tanış olub. Yeni qəsəbəyə Şirvan şəhəri ərazisində 61 yataqxana, məktəb, kirayə və digər inzibati binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan, əsasən, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarından olan 606 məcburi köçkün ailəsi, 1985 nəfər köçürüləcək. Boş qalan mənzillərə isə ətraf rayonlarda müvəqqəti məskunlaşmış ailələr köçürüləcək. Bu məqsədlə, qəsəbədə istifadəyə verilmiş məktəbdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icraçı direktoru Mahir Abbaszadə və Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Komitəsinin müvafiq komissiyasının üzvlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Bu gündən məcburi köçkünlərin yeni qəsəbədəki evlərə köçürülməsinə başlanılacaq.

Yeni qəsəbə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi əsasında layihələndirilib və inşa olunub. Ayrılmış 10 hektar torpaq sahəsində tikinti işlərinə 2018-ci ilin dekabr ayında başlanılıb. Yeni yaşayış kompleksində hər biri 9 mərtəbəli olmaqla 13 yaşayış binası inşa edilib. Qəsəbədəki mənzillərdən 64-ü birotaqlı, 298-i ikiotaqlı, 207-i üçotaqlı, 53-ü dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində 540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası tikilmiş, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılmış, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Kompleksin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud 110/35/6 kV-luq “Cənub” yarımstansiyasının 110 və 35 kV-luq Açıq Paylayıcı Qurğularında 110-35 kV-luq avadanlıqlar dəyişdirilməklə yenidənqurma işləri aparılıb, 6.32 km uzunluğunda iki dövrəli 35 kV-luq elektrik veriliş xətti çəkilib, məhəllə daxili yeni Qapalı yarımstansiya tikilib və 2 ədəd güc transformatoru quraşdırlııb. Bundan əlavə, kompleksin ərazisində 2 ədəd transformator məntəqəsi tikilib və 4 ədəd transformator quraşdırılıb. Sahədaxili elektrik təchizatı üzrə 1.2 km uzunluğunda 6 kV-luq və 9.47 km uzunluğunda 0.4 kV-luq kabel xətləri çəkilib və kompleksin ərazisinin işıqlandırılması təmin edilib.

İçməli su təchizatı şəbəkəsi yaradılıb, 0,892 km uzunluğunda boru kəməri çəkilmiş, 3 ədəd su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Ərazidə sahədaxili içməli 1.977 km su şəbəkəsi tikilib və 5 ədəd yanğın hidrantları quraşdırılıb. Sahədaxili və xarici kanalizasiya şəbəkəsi qurulub.

Yaşılaşdırma sahələrinin suvarılması üçün 1 ədəd su anbarı, nasosxana tikilib, sahədaxili suvarma şəbəkəsi çəkilib və 62 ədəd suvarma kranları quraşdırılıb.

Qəsəbəyə qaz xətti çəkilib, qazanxana üçün 1 ədəd qaztənzimləyici məntəqə quraşdırılıb, istilik təchizatı üçün yeraltı beton kanal quraşdırılıb.

Ərazidəyə rabitə xətti çəkilib, abadlıq işləri görülüb, 3,8 km uzunluğunda məhəllədaxili yollar tikilib, 0,97 km uzunluğunda yağış kanalizasiyası, 7 ədəd sanitariya-təmizləmə meydançası tikilib və 2.4 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb.

Azvision.az



Teqlər: Məcburi-Köçkün  





Xəbər lenti