“Əli Kərimli deyirdi ki, mitinqdə tutulsanız, pul alacaqsınız” - Məhkəmə işi

  “Əli Kərimli deyirdi ki, mitinqdə tutulsanız, pul alacaqsınız” -    Məhkəmə işi
  25 Dekabr 2019    Oxunub:7432
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev partiya sədri Əli Kərimliyə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
Azvision.az xəbər verir ki, hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən prosesdə Əli Kərimli və nümayəndəsi iştirak etməyib.

İddiaçı tərəf məhkəmədə sərbəst ifadə verib. A.Əliyev ifadəsində bildirib ki, Əli Kərimli bir neçə ildir onunla düşmənçilik edir: “2015-ci ildə AXCP-nin qurultayında Nəzarət-Təftiş Komissiyasına əvvəlcə üzv, sonra sədr seçildim. Bundan sonra Əl Kərimli mənimlə düşmən oldu”.

A.Əliyev Əli Kərimlinin bu vaxta kimi partiyaya daxil olan pulları xaricdə yaşayan oğlunun ərəb şahzadəsi kimi yaşamasına xərclədiyini deyib.

"Biz bu haqsızlıqları, özbaşınalıqları gördüyümüz üçün Əli Kərimli məni qanunsuz olaraq NTK-dan uzaqlaşdırdı".

A.Əliyev daha sonra mitinqlərlə bağlı danışıb. Bildirib ki, Əli Kərimli rayondan gələn imkansız tələbələri və gəncləri partiyaya cəld etməyə çalışır: “Onları qanunsuz mitinqlərə çıxmağa tapşırıq verir. Deyirdi ki, tutulsanız da, eybi yoxdur. Onsuz da Avropa Məhkəməsindən pul alacaqsınız. Əli Kərimlinin bu siyasi dələduzluğuna görə nə qədər gənc həbsdə yatdı. Onda Əli Kərimli haradaydı?”

A.Əliyevin sözlərinə görə, AXCP-də üzvlük haqqı yığılmır: “Mənə maraqlıdır ki, bəs Əli Kərimli pulları haradan alır? Mənim qızlarım evimin qarşısında göyərti satırdılar, Əli Kərimlinin oğlu həmin vaxt Avropada məktəbdə oxuyurdu. Sual verirəm, hansı pulla? Bütün bunları tələb etdiyim üçün Əli Kərimli məni partiyadan uzaqlaşdırdı”.

İddiaçı tərəfin çıxışından sonra məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

Azvision.az


Teqlər: Əli-Kərimli   Məhkəmə  





Xəbər lenti