Nazirlər Tbilisidə Qarabağı müzakirə etdilər - Yenilənib

Nazirlər Tbilisidə Qarabağı müzakirə etdilər -  Yenilənib
  24 Dekabr 2019    Oxunub:4015
Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarovun türkiyəli həmkarı, nazir Mevlüd Çavuşoğlu ilə ikitərəfli görüşü başı tutub.
Xarici İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd ediblər.

Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi apardılar və 30 noyabr tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin əhəmiyyətini qeyd etdilər. Eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Kars dəmir yolunun Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə vurğulayıblar.

Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparıldı və hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi bildirilib.

Görüşdə Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli formatda və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

***
(13:10)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Tbilisidə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Azvision.az xəbər verir ki, görüş Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 8-ci üçtərəfli formatda toplantısı çərçivəsində baş tutub. Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Çavuşoğlu   Məmmədyarov  





Xəbər lenti