Daha iki avtobusda ödəniş kartla olacaq

Daha iki avtobusda ödəniş kartla olacaq
  23 Dekabr 2019    Oxunub:2581
Paytaxtda daha 2 marşrut xətti üzrə avtobuslarda gedişhaqqı vahid kartla ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az-a bildirilib ki, BNA-nın tələbinə uyğun olaraq, daha 2 marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. Dekabrın 25-dən 39 nömrəli, ayın 26-dan isə 202 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək. Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə 39 və 202 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.

Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

Azvision.az



Teqlər: BNA   Avtobus  





Xəbər lenti