Nazir Yardımlıda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib

Nazir Yardımlıda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
  19 Dekabr 2019    Oxunub:2127
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin bölgələrdə görüşləri davam edir. Bu qəbildən növbəti görüş Yardımlı rayonunda keçirilib.
Azvision.az xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.



Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə, o cümlədən bu rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri və əsaslı infrastruktur layihələri barədə məlumat verib. İcra başçısı ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini, bunun nəticəsində digər sahələr kimi aqrar sahənin də dinamik inkişaf etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.



Nazir İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsipləri barədə məlumat verib. Bildirib ki, nazirlik öz fəaliyyətində aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərini əsas götürür. İnam Kərimov Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemini bu üç prinsipi özündə birləşdirən innovativ bir təşəbbüs adlandırıb. Qeyd edib ki, məqsəd aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etməkdir: “Noyabr ayından etibarən EKTİS-də qeydiyyatdan keçən fermerlər növbəti il üçün əkdikləri məhsulları bəyan etməyə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən ibarət nümayəndə heyəti də rayonlarda EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüşlər keçirir. Bu günə qədər 47 rayonda belə görüş keçirilib. Yardımlı rayonu belə görüşlərin təşkil edildiyi 48-ci rayondur. İndiyədək ölkə üzrə təxminən 429 minə yaxın fermer EKTİS-də qeydiyyatdan keçib və şəxsi kabinetlərini yaradıb. Bu günə olan məlumatlara görə, 260 minə yaxın fermer payızlıq əkinləri bəyan edib. Artıq bu proses ölkə üzrə demək olar ki, başa çatmaq üzrədir. Qeyd edim ki, fermerlər EKTİS-dən subsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər. Bu imkanlardan yararlanmaq üçün fermerlərimiz sistemdə qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır”.



2020-ci ildən aqrar subsidiyaların EKTİS vasitəsilə fermerlərin bəyanları əsasında veriləcəyini xatırladan nazir İnam Kərimov fermerləri aqrar subsidiyalardan yararlanmaq üçün payızlıq əkinləri bəyan etməkdə daha aktiv olmağa çağırıb. O, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarla birgə fermerlərə hərtərəfli dəstək göstəriləcəyini bəyan edib.

Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanları və bələdiyyə nümayəndələrinin, fermerlərin sualları cavablandırılıb.

Qeyd edək ki, fermerlər bu prosesdə üzləşə biləcəyi hər hansı texniki problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər. Çağrı Mərkəzinin əməkdaşları EKTİS-in tətbiqi ilə bağlı fermerlərin suallarını dolğun şəkildə cavablandıracaqlar.

Xatırladaq ki, fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, bölgələrə ezam olunmuş səyyar qruplara, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.

Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.

Azvision.az


Teqlər: KTN   İnam-Kərimov  





Xəbər lenti