Tanınmışlar 2019-cu ili nə ilə xatırlayacaqlar? - SORĞU

Tanınmışlar 2019-cu ili nə ilə xatırlayacaqlar? -  SORĞU
  19 Dekabr 2019    Oxunub:8043
Yeni il artıq qapımızın astanasındadır. İnsanlar növbəti ilə yeni arzular, ümidlər və planlarla qədəm qoymağa hazırlaşırlar. Tezliklə 2019-cu il xatirələrə çevriləcək, hər kəs geriyə boylanıb olanları, keçənləri xatırlayacaq.

Bəs sənət adamları bu ili hansı hadisələrlə yada salacaqlar?
Azvision.az bu suala cavab tapmaq üçün sənət adamları arasında sorğu keçirib.



Xalq artisti, xanəndə Könül Xasıyeva 2019-cu ili konsertləri ilə xatırlayacağını deyib: "Bu il solo konsertlərimlə yadda qaldı. Başqa bir özəlliyi olmadı".



Xalq artisti Ənvər Həsənov isə ilin sakitliyindən gileylənib: "Təəssüflər olsun ki, bu il də əvvəlki illər kimi mənim üçün sakit keçdi. 7 ildir işləmirəm. Bu da mənim səhhətimə çox pis təsir edir. Ağrımayan yerim yoxdur. İşləsəm, hərəkətdə olsam, hər şey dəyişəcək. Ümumiyyətlə, sakit həyat mənim üçün ölümdür. Ancaq ümidlə yaşayırıq. Allah Prezidentə can sağlığı versin. Bilirsiniz ki, Azərbaycan kinosuna pul ayırıb. Həmin pulla Allah qoysa, mənim də iştirakımla 3-4 film çəkəcəyik. Yeni sənət adamları, yeni film çəkənlərlə çalışa bilmirəm. Yalnız kinostudiyanın nəzdində çəkilən filmlərə, professional sənətə uyğunlaşmışam. Bu baxımdan növbəti ilə daha çox ümidliyəm".



Aktrisa Mehriban Xanlarova 2019-cu ildən razı qaldığını söyləyib: "Bəzi problemlər oldu. Bu, hər il yaşanan şeylərdir. Əsas odur ki, əzizlərimiz yanımızdadır. İnsanın qorxacağı şey valideyn itkisidir. Bu ili anamın sağ-salamat olması ilə xatırlayacağam".



Xalq artisti, aktrisa Afaq Bəşirqızı nələri xatırlayacağını açıqlamaq istəməyib: "İldi də. İnsanın şəxsi həyatına aid məqamlar olur ki, onu ictimailəşdirmək istəmir".



Xalq artisti, aktyor Yasin Qarayev 2019-cu ilin onun üçün xoş keçmədiyini dilə gətirib: "O qədər də dəyərli il olmadı. Salamatçılıqdır. Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150 illiyi münasibəti ilə hazırlanan tamaşalarda rol almışam. İl yadımda yalnız bunlarla qalacaq".



Xalq artisti, aktrisa Firəngiz Mütəllimova: "Yubileyim oldu, Prezident təqaüdünə layiq görüldüm və teatrımızın 120 illik yubuileyi keçirildi. İl mənim üçün xoş hadisələrlə yadda qaldı".



Xalq artisti, müğənni Gülyanaq Məmmədova 2019-cu ili həm uğurlu, həm də uğursuz hadisələrlə xatırlamalı olacaq.

"Bu il ailəmizdə böyük faciə yaşandı. Hamımızı kədərləndirən hadisə ilin ən böyük uğursuzluğu oldu. Yaxşı hadisələr də yaşadıq. Konsertlərimiz uğurlu keçdi. Həyat davam edir. Arzu edirəm ki, növbəti il hamıya düşərli olsun".



Xalq artisti Bilal Əliyev 2019-cu ili sevinclə yola salmağa hazırlaşdığını deyib: "Bu il mənim 60 yaşım tamam oldu. Ölkə başçısı mənə ev verdi. Bunlar mənim üçün böyük xoşbəxtlikdir".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aktyor   Xanəndə   Müğənni  





Xəbər lenti