Müsavatda namizədlik davası - “Meydan TV”-ni də ittiham etdilər
Məsələyə münasibət bildirən Müsavatın başqan müavini Səxavət Soltanlı deyib ki, partiya seçkilərdə iştirak haqqında qərar verdiyi Məclis toplantısında bütün rayon təşkilatlarına və üzvlərinə açıq formada müraciət edib: "Həmin müraciətdə bildirmişdi ki, kim hansı dairədən namizəd olmaq istəyirsə, partiyaya bildirsin. Kim ki, müraciət edib, müzakirə edilib. Yadigar Sadıqlı isə partiyanın namizədi olmamaq üçün riyakarlıq edib, gizlin şəkildə namizədlik verib. Partiya sona qədər onun qərarını gözləyib ki, Yadigar Sadıqlı fikirləşib bir qərar versin.(Sosial şəbəkədə bildirmişdi ki, maddi problemlərlə bağlı qərarını qətiləşdirməyib. Maddi dəstək taparsa, 73 saylı dairədən namizəd olacaq) Partiya da bu fikirləşmənin bitməsini sonsuza qədər gözləyə bilməzdi.
Partiya başqanı elan etmişdi ki, dekabrın 14-ü namizədlər açıqlanacaq. Bununla belə, bu açıqlamanı 2 gün də ertələdi. Bu müddət ərzində Yadigar Sadıqlı seçki işinə rəhbərlik edən Gülağa Aslanlıya heç bir müraciət etməyib. Baxmayaraq ki, siyahı açıqlandıqdan 2 gün əvvəl partiyanın mərkəzi qərargahında olub".
S.Soltanlı, həmçinin bildirib ki, Müsavat üzvü partiyaya müraciət etmədən namizədlik verib, bu hərəkətinə görə ən azı partiya üzvlərindən üzr istəmək əvəzinə, yenə də onları borclu çıxarmağa çalışır: "Namizəd olacağını sosial şəbəkədə elan etsəydi, partiya onu rəsmən dəstəkləyəcəkdi. Yadigar Sadıqlı əmin olsaydı ki, müraciət etsə, partiya onu dəstəkləməz, mütləq ictimai qaydada bu müraciətini edər, ən azı seçkidə iştirak edəcəyi haqqında şəbəkədə elan verərdi. Müraciətindən sonra partiya onu dəstəkləməsəydi, bundan növbəti şou düzəldərdi. O zaman haqlı da olardı".
S.Soltanlı bu məsələdə tutduğu mövqeyə görə "Meydan TV"-ni də ittiham edib: "Bu dərəcədə riyakarlığı insanlar necə bacara bilir? Partiyadan və ictimaiyyətdən gizli şəkildə namizəd olan şəxsin adının partiyanın siyahısında olmamasına görə, Müsavatı ittiham edən Həbib Müntəzir, Yadigar Sadıqlının adı siyahıya salınmadı deyib, verliş hazırlayan "Meydan tv" hansı məntiqlə belə təqdimat verə bilir? Elementar məntiqi təfəkkürü olan hər hansı şəxs bu duruma görə nəinki Müsavat Partiyasını ittiham etməməli, belə duruma görə gizlin, partiyadan və cəmiyyətdən oğurluq hərəkət edən şəxsi ən sərt formada qınamalı və məntiqli suallara qonaq etməli idi".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Müsavat Partiya Seçki Parlament Qalmaqal