Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək

Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək
  16 Dekabr 2019    Oxunub:1993
Dekabrın 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasdan əvvəl Assambleya Şurasının toplantısı olacaq və təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək.

Tədbirdə üzv ölkələrin parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Plenar iclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.

Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Azvision.az


Teqlər: TÜRKPA  





Xəbər lenti