Rəşid Behbudovun doğum günüdür

  14 Dekabr 2019    Oxunub : 1328
 Rəşid Behbudovun doğum günüdür
Bu gün Azərbaycanın kariyef sənətkarı, SSRİ-nin xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun doğum günüdür.
Unudulmaz sənətkarın əziz xatirəsi xalqın qəlbində həmişə yaşayır, sevgi ilə xatırlanır.



Əslən Şuşadan olan R.Behbudov 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən mahnı teatrını təşkil edərək, oranın solisti və bədii rəhbəri olub.



Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. Dövrünün Stalin, Mao Dze Dun, Cavaharlal Neru, İndira Qandi, Süleyman Dəmirəl, Brejnev kimi məşhur siyasi-ictimai xadimləri Behbudovun səsini dinləmək üçün onun konsertlərinə gəliblər. Rəşid Behbudov həm də milli kinomuzda yaratdığı bənzərsiz rollarla yadda qalıb.



Qeyd edək ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Sənətkarın yeganə övladı olan Rəşidə Rəşid atasının yolunu davam etdirir.

AzVision.az

Teqlər: RəşidBehbudov