“Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi

  13 Dekabr 2019    Oxunub : 1203
“Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi
Parlament Jurnalistləri Birliyinin (PJB) təsis etdiyi “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi təsdiq edilib.
Azvision.az xəbər verir ki, bunu birliyin rəhbəri Elşad Eyvazlı deyib.

Onun sözlərinə görə, bununla bağlı PJB İdarə Heyəti qərar qəbul edib: "Əsasnaməyə görə, mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir. “Şirməmməd Hüseynov” mükafatı fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafına töhfə vermiş, jurnalistikanın inkişafı sahəsində yüksək xidmətləri olmuş, eləcə də jurnalistika sahəsinin zənginləşdirilməsi və inkişafına xidmət edən, jurnalistikanın tədrisi sahəsində qazandıqları mühüm nailiyyətlərə görə fərqlənən şəxslərə veriləcək. Azərbaycanla bağlı xarici mediada çıxış edən əcnəbi vətəndaşlar və fəaliyyətində peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlər də namizəd ola bilərlər”.

E.Eyvazlı bildirib ki, “Şirməmməd Hüseynov” mükafatına namizədlərin müəyyən edilməsi məqsədilə PJB İdarə Heyətinin qərarı ilə 5 nəfərdən ibarət Ekspert Komissiyası yaradılıb: “Komissiyanın sədri tanınmış jurnalist Elşad Paşasoydur”.

Qeyd edək ki, bu ilin iyul ayında PJB üzvləri Milli Mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı keçirdikləri toplantıda “Şirməmməd Hüseynov mükafatı”nın təsis edilməsi barədə qərar qəbul ediblər.

Xatırladaq ki, Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov bu il iyunun 24-də 95 yaşında vəfat edib.

Azvision.az

Teqlər: ŞirməmmədHüseynov   Mükafat