“Şahdəniz-2” bahalı layihədir – TƏHLİL

“Şahdəniz-2” bahalı layihədir – TƏHLİL
  17 Dekabr 2013    Oxunub:5806
“Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməyə başlanmasına az vaxt qaldıqca onun ətrafında müzakirə və mübahisələr qızışır. Belə ki, bu sahədə yekun investisiya qərarı barədə sənədlər imzalandıqdan sonra demək olar, əməli işə keçmək qalır. Bir vaxtlar “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı ətrafında da eyni vəziyyət yaranmışdı.

Bu da təbiidir. O səbəbdən ki, iri həcmdə investisiyalar tələb edən bütün layihələr perespektiv baxımdan ciddi suallar doğurur. Söhbət, Azərbaycanda qaz hasilatı sahəsində gözlənilən “bum”dan getdiyindən məsələ tamamilə aydındır.

Azərbaycanın yaxın gələcəkdə qaz ölkəsi kimi tanınacağı sirr deyil. Əks halda, adı çəkilən yataqdan ikinci mərhələ üzrə çıxarılacaq qazı Türkiyə, Yunanıstan və Albaniya ərazisiylə İtaliyaya çatdıracaq Trans Adriatik Boru Kəməri (TAP), Türkiyədə isə Trans Anadolu Boru Kəməri (TANAP) kimi nəhəng infrastrukturlar tikmək nəzərdə tutulmazdı.

Ölkəmizin bütövlükdə mövcud qaz ehtiyatları barədə qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» strukturunda bu rəqəm 350 milyard kubmetr, kondensat ehtiyatı isə təxminən 45 milyon ton təşkil edir. «Şahdəniz» yatağında isə qaz ehtiyatı həcminin 1,2 trilyon kubmetr, kondensatın 240 milyon ton təşkil etdiyi deyilir.

Hələ keçən ilin sonunda Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xoşbəxt Yusifzadə qeyd etmişdi ki, «Şahdəniz» yatağının ikinci fazası çərçivəsində illik hasilat 16 milyard kubmetr təşkil etməlidir. “Yatağın birinci və ikinci fazalarının işlənməsi sayəsində isə hasilat 26 milyard kubmetrə çatacaq”- deyə, o, bildirmişdi.

Ümumiyyətlə, ”Ümid” yatağının qaz ehtiyatı 200 milyard kubmetr, kondensatı isə 40 milyon ton, “Babək”də isə müvafiq olaraq 400 milyard kubmetr və 80 milyon ton təşkil edir ki, X. Yusifzadənin sözlərincə, Azərbaycanda yeraltı qaz laylarına vurulan mavi yanacaq istisna olmaqla, 2015-ci ildə ümumi qaz potensialı 20 milyard kubmetrə çatacaq. 2025-ci ildə isə bu göstərici 40 milyard təşkil etməlidir.

Təbii ki, bütün bunlar da müvafiq investisiyalar sayəsində mümkün olacaq. Ölkədə təkcə bu sahədə hasilatı sabit saxlamaq üçün xeyli əlavə vəsait lazımdır. Belə ki, SOCAR və "BP-Azerbaijan" şirkəti mövcud quyuları yenidən işləməklə yanaşı, əlavə qazma işləri də aparmalıdırlar ki, hasilat heç olmasa sürətlə enməsin. Lakin nefti sabit saxlamaq mümkün olsa da, yaxın gələcəkdə ölkəmizdən ixracda təbii qaz üstünlük təşkil edəcək. Sual yaranır ki, bəs, bundan gəlirlərimiz nədən ibarət olacaq?

Bazar elə bir xüsusiyyətə malikdir ki, bu sahədə uzaq perespektivi proqnoz etmək çətindir. Xüsusən də, enerji daşıyıcıları sarıdan bu ümumiyyətlə, mümkün deyil. Adi xam neftin qiymətlərindən bunu əyani görmək mümkündür.

Qaza tələbat baxımından isə hazırda vəziyyət daha mürəkkəb və çətindir. Çünki alıcıların sayı kompakt olduğundan onların uğrunda potensial ixracçılar arasında ciddi mübarizə gedir. Və elə rəqabət şəraiti yaranıb ki, alıcılar ən çox diversifikasiya imkanları barədə düşünür. Dünyada enerjidaşıyıcılarına, xüsusən də təbii qaza olan tələbatın durmadan artdığını və yaxın gələcəkdə 50%-ə çatacağanı nəzərə aldıqda isə, Xəzər qazının əhəmiyyəti böyükdür. Lakin təkrar edirik ki, hər şey müvafiq investisiyalar nəticəsində mümkündür.

Ancaq bir cəhət var ki, investisiya səviyyəsini və məbləğlərini isə bazar müəyyən etmir. Məsələn, uzunluğu 870 kilometr olacaq və illik buraxılış gücü əvvəl 10 milyard, daha sonra isə 20 milyard kubmetrə çatacaq TAP kəmərinin ümumi dəyəri deyilənə görə, 2,2 milyard ABŞ dollarına başa gələcək ki, tikintinin 3 il tələb etdiyini nəzərə alsaq bu, son rəqəm sayılmır. Ümumiyyətlə, qazın Avropaya nəqli üçün birinci hissəni Gürcüstandan keçəcək cənub-Qafqaz boru kəməri, ikincini TANAP, üçüncünü isə TAP təşkil edəcək infrastrukturun qurulması ilkin şərtdir.

Təkcə bir fakta diqqəti çəkək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu günlərdə TANAP layihəsində real olaraq 20 % paya sahib olan Türkiyənin TPAO və Botaş şirkətlərinin payının artırılacağını bildirdi. Hazırda TANAP-da SOCAR 80, Türkiyənin “BOTAŞ” və TPAO şirkətləri isə 20 % paya sahibdirlər.

Yeri gəlmişkən, kəmərin tikintisinin 2018-ci ildə başa çatdırılması gözlənilir ki, əvvəl 16 milyard kubmetr qaz nəql edilsə də, 2023-cü ildə bu rəqəm 23, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlkin mərhələdə nəql olunması nəzərdə tutulan 16 milyard kubmetrin 10 milyardı Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə ötürüləcək.

TAP-ın səhmdarları SOCAR (20%), “Statoil” (20%), BP (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və Axro (5%) şirkətləridir.

Məsələ ondadır ki, “Şahdəniz”in ikinci mərhələsi özü də bahalı layihədir. Belə ki, AÇG neft yatağı ilə müqayisə etsək, adı çəkilən yataq 2 dəfə dərin qazılmalıdır. Ona görə ki, qaz təxminən 7 kilometr dərinlikdə yerləşir. Həmin yerdə dənizin dərinliyi isə 550 metrə bərabərdir. Halbuki AÇG yatağı üzrə isə bu rəqəm 250 metr təşkil edir.

Odur ki, “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin dəyərinin cəmi bir ay öncə 25 milyard ABŞ dollar təşkil edəcəyi deyilirdisə, son olaraq ümumi xərclərin 40-45 milyard olacağı bildirilib. Müşahidələr isə deməyə əsas verir ki, bu rəqəm aparıcı valyutaların dəyərinin dəyişəcəyi və digər səbəblərlə əlaqədar hələ bir az da böyüyəcək.

Qaz isə necə deyərlər, barellə deyil, 1000 kubmetrlə satılır. Yəni, neft kimi gəlirli deyil. Bununla belə, “Şahdəniz” layihəsini AÇC yataqları üzrə "Əsrin müqaviləsi" ilə müqayisə etmək düzgün deyil. Keçən il “Şahdəniz” yatağının birinci mərhələsinə aid quyuların birində yaranan texniki nasazlıqla bağlı azalmayla əlaqədar yazdıq ki, neftdə olduğu kimi bu sahədə də enmə dərinləşərsə, problem yaranacaq. Çünki bu, təkcə neft və qaz sektoruyla bağlı deyil ümumən, iqtisadiyyatımız üzrə irəli sürülən bir çox proqnozlar barədə ciddi narahatlıq doğurur.

Qısa desək, qaz neft olmasa da, “Şahdəniz” yatağı ən azı xərcini ödəyəcək. Və sözügedən yatağın ikinci mərhələsinin işlənməsi Azərbaycanda yeni yataqların axtarışı və tapılması üçün bizcə, investorlarda əlavə maraq yaradacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti