Lavrov Trampla görüşün detallarını açıqladı

Lavrov Trampla görüşün detallarını açıqladı
  11 Dekabr 2019    Oxunub:7860
ABŞ Prezidenti Donald Trampla görüş qarşılıqlı anlaşma şəraitində keçdi və bir sıra vacib məsələlər müzakirə edildi.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvanın Vaşinqtondakı səfirliyində keçirilən mətbuat konfransında deyib.
"Biz ABŞ-dakı daxili vəziyyəti anlayırıq, amma hər iki tərəfdə nəticə əldə edə biləcəyimiz sahələrdə işləməyə maraq var”, - deyə XİN rəhbəri vurğulayıb.

Lavrov, həmçinin deyib ki, Rusiya Strateji Hücum Silahlarının azaldılması müqaviləsini uzatmağa hazır olduğunu təsdiqləyib.

Bundan əlavə, ABŞ Prezidenti ilə görüşdə Fars körfəzindəki böhranın kəskinləşməsinin qarşısını alması üçün addımlar, Vaşinqtonun Tehran sazişindən çıxması və Şimali Koreyaya qarşı sanksiyalar müzakirə edilib.

ABŞ Konqresinin "Şimal axını 2" və "Türk axını"na qarşı sanksiyaların müdafiə büdcəsinə daxil edilməsi barədə qərarından danışan Lavrov bu cür tədbirlərin layihələrin icrasını dayandırmayacağına əminliyini ifadə edib.

"Konqres münasibətlərimizi pozmaq üçün hər şeyi etmək istəyindədir. Obama administrasiyasının (keçmiş prezident Barak Obama) başladığı işlər davam edir”, - deyə XİN rəhbəri vurğulayıb.

Lavrov əlavə edib ki, Prezident Vladimir Putinin adından Tramp Qələbə günü münasibətilə Rusiyada keçiriləcək tədbirə dəvət edilib: “Prezident Tramp dəvəti nəzərdən keçirir. Ümid edirik ki, belə bir fürsət yaranarsa, ikitərəfli söhbət aparmaq mümkün olacaq".

Donald Tramp da öz növbəsində “Twitter” hesabında Lavrovla görüşün çox yaxşı keçdiyini bəyan edib: "Ticarət, İran, Şimali Koreya, Strateji Hücum Silahlarının azaldılması müqaviləsi, nüvə silahları üzərində nəzarət və seçkilərə müdaxilə daxil olmaqla bir çox mövzunu müzakirə etdik. Yaxın gələcəkdə dialoqu davam etdirəcəyimizə ümid edirəm".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lavrov   Tramp  





Xəbər lenti