Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir

Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
  11 Dekabr 2019    Oxunub:1860
Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.
Aeroportun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hava limanının rəhbərliyi dünyanın müxtəlif şəhərlərindən Bakıya müntəzəm uçuşlar həyata keçirə biləcək beynəlxalq sərnişin hava yolları ilə fəal danışıqlar aparır.

“Bu fəaliyyət çərçivəsində cari ildə hava limanına 5 yeni aviaşirkət – “Kuwait Airways”, “UrAirlines”, “Smartavia”, “Flynas”, “Pegasus” uçuşlar həyata keçirməyə başlayıb. Ümumilikdə isə keçən ildən bu yana yeni aviaşirkətlərin sayı 11-ə çatıb. Onların arasında “Etihad Airways”, “IranAir”, “GulfAir”, “Arkia”, “Nordwind” və sair kimi aviaşirkətlər var”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbəri Teymur Həsənov bildirib.

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. 34 aviaşirkətin 9-u - “Buta Airways” (21 istiqamət), “WizzAir” (Budapeşt), “AirBaltic” (Riga), “Pegasus Airlines” (İzmir), “Flynas” (Ər-Riyad), “FlyDubai” (Dubay), “AirArabia” (Sharjah), “Jazeera Airways” (Küveyt), “Smartavia” (Sankt-Peterburq) daxil olmaq ilə aşağıbüdcəli aviaşirkətdir.

T.Həsənov deyib ki, yeni uçuşların açılması və sərnişin aviaşirkətlərinin cəlb edilməsi Bakının hava limanından uçuşların coğrafiyasını genişləndirəcək və sərnişinlərə uzaq məsafəli və rahat uçuşlar üçün daha çox imkanlar yaradacaq.

Son 5 il ərzində Bakının hava limanında sərnişin axınının artımı 62 faiz təşkil edib və proqnozlara əsasən, cari ildə sərnişin axını təxminən 5 milyon nəfər təşkil edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in baza hava limanıdır. AZAL və “Buta Airways”in təyyarələri Avropa, Asiya və Amerikanın 40-dan çox şəhərinə eniş edirlər.

Azvision.az


Teqlər: Aeroport  





Xəbər lenti