Pirallahıda dərman istehsalı müəssisəsi açılıb

 Pirallahıda dərman istehsalı müəssisəsi açılıb
  10 Dekabr 2019    Oxunub:3986
İnnovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafının təmin edilməsi, istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə ölkədə sənaye parkları yaradılır.
Azvision.az xəbər verir ki, hazırda Azərbaycanda kimya sənayesi, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Sənaye parklarında sahibkarlar üçün bütün zəruri şərait yaradılıb.

Bundan əlavə, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən, habelə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üzrə ƏDV-dən və gömrük rüsumundan azad edilirlər.

Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən, ölkədə əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə Pirallahı rayonunun ərazisində təşkil edilib və müvafiq infrastruktur yaradılıb.

Hazırda Pirallahı Sənaye Parkında 5 rezident qeydiyyata alınıb və layihələr üzrə 650-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkında artıq bir müəssisə - “Diamed Co” MMC fəaliyyət göstərir.

Dekabrın 9-da isə Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi R-Pharmın açılışı olub. Bununla bağlı keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və R-Pharm Direktorlar Şurasının sədri Aleksey Repik iştirak ediblər.

Qeyd: 4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanılıb. Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin isehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcəkdir. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq.

İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Azvision.az


Teqlər: Pirallahı  





Xəbər lenti