Milli-mənəvi dəyərlərin qorunması mövzusunda tədbir keçirilib

Milli-mənəvi dəyərlərin qorunması mövzusunda tədbir keçirilib
  09 Dekabr 2019    Oxunub:3009
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması” mövzusunda tədbir keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə “Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək” İctimai Birliyinin sədri Rövşən Nəsirov çıxış edərək qeyd edib ki, mədəniyyət millətin mənəvi dəyərlərinin özünəməxsusluğunu ifadə edir.

Beynəlxalq miqyasda dövlətlərin mədəniyyət siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunur. İnformasiya Kommunikasiya Texnalogiyalarının sürətli inkişafının təsiri mədəniyyət sahəsindən də yan keçmir. Azərbaycanda İKT sahəsində müxtəlif dövlət proqramları qəbul olunmuş və həyata keçirilməkdədir.

Dünyada və ölkəmizdə İKT-nin inkişafı, bunun nəticəsi olaraq yeni sosial şəbəkə proqramlarının yaranması və bütün ölkə ərazisində yayılması, gənclərin bu şəbəkələrdə aktiv iştirak etməsi təqdirəlayiq haldır.

Müasir dövrdə qloballaşma proseslərinin hegemonluğunu, həmçinin açıq şəkildə Azərbaycana qarşı aparılan informasiya müharibəsinin aqressiv xarakterini nəzərə aldıqda, mədəniyyət siyasətinin səmərəli təşkili mühüm əhəmiyyət kəsb edir. İnformasiya müharibəsi kontekstində mədəniyyət diplomatik vasitə, strateji əhəmiyyətli məsələlərin reallaşdırılmasına yardım və təsir göstərən çox mühüm amildir.



Lakin bu gün sosial şəbəkələrdə müəyyən çirkin qüvvələrin təsiri altında bir neçə azərbaycanlının etik prinsipləri pozaraq Azərbaycan, dövlətimizin başçısı, dövlət rəmzləri haqqında təhqiredici ifadələr səsləndirmələri əlbətdə ki, yolverilməzdir. Aldadılaraq təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi seçən üzü dönüklər anlamırlar ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətənidir. Bu Vətəni, xalqın lideri olan Prezidentini və dövlət rəmzlərini qorumaq hər birimizin milli və mənəvi borcudur.

Rövşən Nəsirov kimlərinsə şirin yalanına inanaraq, özünü sosial şəbəkə “qəhrəmanı” hiss edən, əslində isə şəbəkə manipulyasiyasının qurbanı olanları çirkin əməllərdən uzaq olmağa və Dövlət Başçısının ətrafında sıx birləşməyə çağırıb.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan Prezidentinin siyasətinin gücü onun xalqın əksəriyyəti tərəfindən dəstəklənməsi, milli iradəyə söykənməsidir. Bu tədbirin məqsədi Azərbaycan dövləti ilə bağlı məkrli planlarını həyata keçirməyə çalışan qüvvələrə qarşı ziyalıların və gənclərin mövqeyini ifadə etməkdir.

Qeyd olundu ki, milli-mənəvi dəyərlərimizin təbliğində Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xüsusi rolu var. Hər bir azərbaycanlı bu sahədə əlindən gələni əsirgəməməlidir. Ölkəmizdəki ifadə azadlığından söyüş və təhqir azadlığı kimi istifadə olunması qətiyyətlə pislənir və yol verilməz hesab olunur.

Tədbir iştirakçıları hər kəsi milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmağa çağırdılar və qeyd olundu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi unudulmamalıdır.

Azvision.az


Teqlər: Milli-Mənəvi-Dəyərlər  





Xəbər lenti