Dünyasını dəyişən tanınmışlar: Bu il kimləri itirdik? - FOTOLAR

 Dünyasını dəyişən tanınmışlar:  Bu il kimləri itirdik? - FOTOLAR
  09 Dekabr 2019    Oxunub:38603
2019-cu il ölkəmizdə bir çox hadisələrlə yadda qalacaq. Kadr və iqtisadi islahatlar, uğurlu nəticələrlə yanaşı, bu ili böyük itkilərlə də geridə qoyuruq. Belə ki, 2019-cu ildə Azərbaycanın bir çox dəyərli ziyalıları, tanınmış şəxsləri dünyasını dəyişib.
Azvision.az cari ildə dünyasını dəyişən tanınmışlarla bağlı məlumatları oxuculara təqdim edir:



Yanvarın 4-də xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcı Ceyran Nəriman vəfat edib. O, uzun illər "Space" televiziyasında çalışıb. Ölümünə qədər "DTV"-də yayımlanan "Birlikdə" verilişinin aparıcısı olub.



Uzun müddət ağır xəstəliklə mübarizə aparan "Su İstehsalçıları Birliyi"nin sədri Dövlət Məmmədov ayın 6-da dünyasını dəyişib.



Yanvarın 7-də Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev həyatını itirib. O, uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb. 18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə kimi Cəbrayılın icra başçısı olub.



Həmin gün Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev ömrünün 56-cı ilində vəfat edib. O, 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdi.



Yanvarın 9-da Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Rövşən Aslanov dünyasını dəyişib. İdarə rəisi qəflətən ürəktutmasından ölüb. 49 yaşlı R.Aslanov 20 ildən artıq Naftalan şəhər gənclər və idman idarəsinin rəisi vəzifəsində işləyib.



Yanvarın 11-də Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev vəfat edib. O, həm də universitetin coğrafiya fakültəsinin kafedra müdiri olub. V.Əfəndiyev 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.



Yanvarın 18-də Yevlax şəhər Partiya Komitəsinin birinci katibi olmuş Sabir Yaqubov vəfat edib. S.Yaqubov həmçinin yazıçı publisist –jurnalist kimi də tanınıb, Respublika Jurnalistlər Birliyinin üzvü olub. O, bir neçə kitabın müəllifi olduğu üçün “Qızıl Qələm” mükafatına layiq görülüb.



Yanvarın 22-də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova 72 yaşında vəfat edib. O, 1994-2004-cü illərdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub. Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyıb.



Yanvarın 23-də deputat Əsabil Qasımovun oğlu Elçin Qasımov gənc yaşında həyatını itirib. E.Qasımov İsveçrədə kanatda olan zaman qan təzyiqi yüksəlib və bu səbəbdən dünyasını dəyişib. 29 yaşlı Elçin həvəskar futbol klubu olan “Sirena Motors”un üzvü olub. Mərhumun cənazəsi yanvarın 26-da ölkəmizə gətirilərək torpağa tapşırılıb.



Yanvarın 26-da Qarışıq döyüş növləri (MMA) və Sambo üzrə turnirlərin qalibi olmuş azərbaycanlı idmançı Xamis Məmmədov vəfat edib. O, ağ-ciyərlərin tromboemboliyasından dünyasını dəyişib.



Yanvarın 26-da II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib. O, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü olub.



Yanvarın 28-də “Qarabağ” Futbol Klubunun təsisçilərindən biri, sabiq futbolçu və baş məşqçi Adil Nadirov dünyasını dəyişib. A.Nadirov 1987-ci ildə indiki “Qarabağ”ı təsis edib və klubun ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Azərbaycan çempionu, 1 dəfə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub. Mərhum A.Nadirov futbolçu Vüqar Nadirovun əmisidir.



Yanvarın 30-da Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Bağırov vəfat edib.



Fevralın 9-da Şəmkirin sabiq polis rəisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini, polis polkovniki Şükür Mehdiyev müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.



Fevralın 12-də Azərbaycanın tanınmış məşhur boyakarı, Xalq rəssamı Altay Hacıyev vəfat edib. A.Hacıyev 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub. 2003-cü ildən Prezident təqaüdçüsü olub.



Fevralın 25-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov ürəktutmasından dünyasını dəyişib.



Martın 9-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı Əvəz Süleyman qəfil ürəktutmasından ölüb.



Martın 12-də Azərbaycan Baş Nazirinin keçmiş müşaviri Musa Məmmədov vəfat edib. M.Məmmədov 1964-cü ildən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 1970-ci ildən nazir müavini, “Azərkəndkimya” Elm-İstehsalat Birliyinin sədri, 1984-cü ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1986-cı ildən sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri olub, 1989-2001-ci illərdə Respublika Meşə Təsərrüfatı İstehsalat Birliyinin sədri, 2004-2017-ci illərdə isə Baş nazirin müşaviri vəzifələrində çalışıb.



Martın 23-də tanınmış meyxanaçı Aydın Xırdalanlı vəfat edib.



Martın 28-də Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov dünyasını dəyişib.



Aprelin 2-də rejissor və ssenarist Rövşən Almuradlı vəfat edib.



Aprelin 4-də Şabran rayon İcra Hakimiyyətinin keçmiş başçısı, rayonun tanınmış ziyalılarından olan Arif Allahverdiyev son mənzilə yola salınıb.



Aprelin 24-də aktrisa Məleykə Ağazadə dünyasını dəyişib. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.



Apreli 27-də uzun müddət prokurorluq sistemində rəhbər vəzifələrdə çalışmış Şirxan Adıgözəlov vəfat edib. O, 1999-cu ildən 2004-cü ilə kimi Bakı şəhəri Yasamal rayon prokuroru, 2004-cü ildən 2014-cü ilə kimi Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsində çalışıb.



Bu ilin mayın 1-də Əməkdar artist, tanınmış diktor Natavan Hacıyeva dünyasını dəyişib.



Mayın 6-da tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli vəfat edib.



Mayın 7-də tanınmış tərcüməçi, yazıçı Hamlet Qoca haqq dünyasına qovuşub.



Mayın 9-da məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov vəfat edib.



Mayın 17-də şair-tərcüməçi Mircəlal Zəki həyatını itirib.



Mayın 30-da Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri, Aqil Omarov qəhrəmancasına şəhid olub.



İyunun 14-də Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfat edib.



Həmin gün nasir, publisist Məhəmməd Baharlı da dünyasını dəyişib.



14 iyunda həmçinin, Ağdam rayon Ağsaqqallar Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Ələsgərov 90 yaşında vəfat edib.



İyunun 24-də Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov vəfat edib.



İyunun 25-də Azərbaycanın tarix elmləri namizədi, görkəmli alim İsrafil Məmmədov dünyasını dəyişib.



İyunun 30-da Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov həlak olub. Tanınmış idmançı yol qəzasında aldığı ağır xəsarətlərdən həyatını itirib.



2019-cu ilin iyul ayının 11-də məşhur azərbaycanlı səs rejissoru Ələkbər Həsən-zadə Sankt-Peterburqda dünyasını dəyişib.



İyulun 2-də Azərbaycanın vaxtilə məşhur olan “Yuxu” rok qrupunun yaradıcısı İbrahim Emin dünyasını dəyişib.



İyulun 5-də Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Adilə Mütəllibova vəfat edib.



İyulun 6-da gənc yazar İkinci Mahmud ürəktutmasından vəfat edib.



İyulun 14-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova dünyasını dəyişib.



İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" təyyarəsi qəzaya uğrayıb və pilot polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub.



İyulun 31-da tanınmış parodiya ustası Həsən Cəbrayılov vəfat edib.



Həmin gün Azərbaycanın Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Cəfərzadə də dünyasını dəyişib.



Avqustun 16-da ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilov 94 yaşında uzun sürən xəstəlikdən sonra haqq dünyasına qovuşub.



Avqustun 18-də Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Oktay Rza dünyasını dəyişib.



Sentyabrın 1-də Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, naşir Nazim İbrahimov son mənzilə yola salınıb.



Sentyabrın 12-də Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Tahir Tahirov vəfat edib.



Sentyabrın 24-də ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri Vurğun Əyyub dünyasını dəyişib.



Sentyabr 26-da ötən əsrin 80-ci illərində Azərbaycan estradasının önəmli simalarından olan Cəfər Behbudov Ukraynada vəfat edib. C. Behbudov Rəşid Behbudovun bacısı, teatr və kino aktyoru Nəcibə Behbudovanın oğludur.



Oktyabrın 13-də Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib.



Oktyabrın 30-da tanınmış teatr rejissoru, Gəncə Dövlət Kukla teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov həyatını itirib.



Dekabrın 6-da Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Yevda Abramov xərçəng xəstəliyindən dünyasını dəyişib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər:   Vəfat   Tanınmış  





Xəbər lenti