Yevda Abramov deputat kimi necə yadda qaldı? - “Özünü əsl azərbaycanlı kimi aparırdı”

 Yevda Abramov deputat kimi necə yadda qaldı? -  “Özünü əsl azərbaycanlı kimi aparırdı”
  07 Dekabr 2019    Oxunub:8121
Ötən gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov vəfat edib. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 71 yaşlı deputat müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.
Y.Abramov yəhudi əsilli olmasına baxmayaraq, Qarabağ münaqişəsinin, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, seçicilərin problemlərinin həllində böyük rol oynayıb.

Milli Məclisin deputatları mərhum Y.Abramovla bağlı xatirələrini Azvision.az -la bölüşüblər.

Deputat Flora Qasımova bildirib ki, Yevda müəllim hər zaman cəsarətli çıxışları ilə yadda qalıb.



“Onun xətrini çox istəyirdim. Yevda müəllim yəhudi kimi yox, vətənini sevən əsl azərbaycanlı kimi çıxış edirdi. Xalqımızın problemini cəsarətlə deməyi bacarırdı. Azərbaycanın haqq işinin bütün dünyaya çatdırılmasında yaxından iştirak edirdi. Bizim üçün belə bir dostu itirmək çox ağır oldu. Seçiciləri ilə görüşlərinin, onların problemlərinin aradan qaldırılmasının şahidi olmuşam. Hər dəfə çıxışı Milli Məclisdə bir sakitlik yaradırdı. Həqiqəti deyən, mübariz insan idi”.

F.Qasımovanın fikrincə, o, həmişə özünü əsl azərbaycanlı kimi aparıb: “Hərdən İsraildə Qarabağla bağlı görülən işlərdən, tədbirlərdən danışırdı. Bu məsələdə çox fəal olduğunu deyərdi. Azərbaycanda yaşayan heç bir millət ilə bizim tarixən qarşıdurmamız, problemimiz, ayrıseçkiliyimiz olmayıb. Mən bunu Yevda müəllimin timsalında bilirəm. Onda "milli mənsubiyyətə görə ayrı olum, problem mənim deyil" söhbəti olmayıb. Azərbaycanı sevən insan idi”.



Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, mərhum deputat hər zaman seçicilərinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin həllinə çalışıb.

"Yevda müəllimin istər parlamentdəki çıxışlarının, istərsə də seçicilərlə görüşlərinin şahidi olmuşam. Deyərdim ki, seçicilərin ən çox hörmət etdiyi deputatlardan idi. Komitədə çox aktiv idi. Məsələlərin müzakirəsində kənarda qalmazdı. Fikrini səsləndirərdi. Söhbət edirdik arada, çox mehriban, səmimi insan idi. İnsanları sona kimi dinləməyi bacarırdı. Jurnalistlərlə fikir mübadiləsi aparardı, çalışardı ki, hamıya kömək etsin. Düşünmürəm ki, hansısa seçici ondan narazı qalsın”.



YAP-çı deputat Aydın Mirzəzadə vurğulayıb ki, Y.Abramov Azərbaycanı çox sevirdi: "Xarizmatik xarakteri var idi, böyük həyat təcrübəsinə malik idi, insanlarla asanlıqla dil tapırdı. Azərbaycanın xarici ölkələrdə, ilk növbədə yəhudi diaspor dairələrində tanıdılması üçün böyük iş görürdü. Parlament iclaslarının birindən qalmazdı, çox diqqətlə bütün çıxışlara qulaq asardı, özü də çıxışlarında mütləq təkliflər verərdi. Dəyərli bir yoldaş kimi əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır".



Qeyd edək ki, Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub.

Azərbaycan, türk, rus və fars dillərini bilib. Yeni Azərbaycan Partiyasının üzvü olub. 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.

11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Abramov “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəli idi, 4 övladı yadigar qalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yevda-Abramov   Deputat   Milli-Məclis  





Xəbər lenti