BDU-100: Cümhuriyyət hökumətinin sənədləri nəyi göstərir? – TARİXİ ARAŞDIRMA

      BDU-100:    Cümhuriyyət hökumətinin sənədləri nəyi göstərir? –    TARİXİ ARAŞDIRMA
  05 Dekabr 2019    Oxunub:7025
AzVision.az ölkənin yaxın tarixinin ən mühüm hadisələrindən biri olan Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə tarixçi Yeganə Kamal Cabbarlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəsmi sənədlərində universitetin yaradılması ilə bağlı yer alan məlumatları oxucuların diqqətinə çatdırır.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakı şəhərində Universitetin açılmasını qanunvericiliklə belə rəsmləşdirmişdi:

8 aprel 1919 – cu ildə “Bakı şəhərində universitet açılması” haqqında qərar verilir.
1. Maarif nazirinə tapşırılsın ki, 1919-1920-ci tədris ilinin əvvəlindən etibarən Bakıda Universitet açılsın və onun üçün həcmi 10 mln. rublu keçməyən smeta təqdim edilsin.
2. Universitet üçün Kommersiya uçilişinin binası ayırılsın.
(ARDA f. 51, siy. 2, s.v. 4, səh. 32; Азербайджан. 1919. 27 апреля, № 86)

16 iyun 1919-cu ildə ”Xalq Maarif Komissarlığı yanında Universitet komissiyasının müvəqqəti ştatı” barədə qərar qəbul edilir. Qərara əsasən, komissiyanın daimi üzvlərinin əmək haqqı 6 min rubla qədər artırılır, komissiya dəftərxanası üçün nəzərdə tutulmuş 30 min rubl təxsisat ləğv edilir, universitetin açılması üçün qabaqcadan görüləcək işlər üçün ayrılmış 20 milyonluq fonddan 100 min rub. maarif nazirinin sərəncamına verilir .
(ARDA f. 51, siy. 1, s.v. 2, səh. 239; “Азербайджан”, 1919, 26 июня, № 131).

29 aprel 1919-cu ildə “Bakı Dövlət Universitetinin Əsasnaməsi” qəbul edilir. 5 fəsil, 72 bənddən ibarət olan Əsasnamənin birinci bəndində görə Bakı Universiteti Xalq Maarif Nazirliyinin tabeçiliyində olan müstəqil elmi-tədris müəssisəsi idi. Universitet idarəçiliyi isə bilavasitə rektor, prorektor, dekanlar, şura, idarə və fakultə məclisləri tərəfindən həyata keçirilirdi.
(ARDA f.895, siy. 3, s.v. 73, səh.46-52)

21 may 1919-cu il, səhər saat 11.30 da Xalq maarif naziri vəzifəsini müvəqqəti icra edən Camo bəy Hacınski və komissiya üzvləri - sədr, əməkdar professor Vasili İvanoviç Razumovski, əməkdar professor Aleksandr Mixayloviç Levin, professor Nikolay Aleksandroviç Dubrovski və komissiyada həlledici səs hüququna malik olan digər şəxslər – Bakı Şəhər Upravasının üzvləri, təhsil şöbəsi üzrə Əli-Cabbar Orucəliyev, neft sənayeçiləri qurultayının təmsilçisi A.N.Saparov və komissiya katibi İvan İvanoviç Babuşkinin iştirakı ilə universitet komissiyasının ilk iclası keçirilir.

Komissiya sədrinin dəvətilə iclasa sədrlik edən təhsil naziri bildirir ki, həmin ilin 19 mayında Nazirlər Şurasının “Universitet komissiyası haqqında Əsasnamə” barədə qərarına əsasən, komissiya Bakı şəhərində fəaliyyətə başlayır. Bakı şəhərində Universitet açılmasının vacibliyini qəbul edən Azərbaycan hökuməti qəti qərara gəlir ki, komissiya üzvləri bu çox çətin işdə öz bilik və təcrübələrini əsirgəmədən, tezliklə Universitetin təşkili və açılmasına nail olmaqla, həm də ali təhsil almaq istəyən gənclərin burada özlərinə yer qazana bilmələrinə imkan yaradacaqlar.

Azərbaycanın həyatında Universitetin həm çox böyük mədəniyət, həm də dövlət əhəmiyyətli hadisə kimi rolunu yüksək qiymətləndirən hökumət bu işin həyata keçirilməsi üçün heç nə əsirgəməyəcəyi və bu komissiya üzvlərinin də Azərbaycanda ali təhsil quruculuğuna öz bilik və sevgi payını verəcəyindən tam əmin idi. Bakı şəhərində Universitet açılana qədər hökumət bir sıra danışıqlar aparmış və bütün siyasi qrup və təşkilatlardan tutmuş fəhlələrədək - hər kəs məsələyə böyük diqqət və xeyirxahlıqla yanaşmışdı. Bu nəhəng işin yerinə yetirilməsi isə Universitet Komissiyasının qarşısında duran ən təxirəsalınmaz məsələ idi. Hökumət nəyin bahasına olursa-olsun, Universiteti cari ilin payızına qədər açmaq fikrində idi. Buna görə də ilk olaraq cəmi iki fakultədən ibarət (tarix-filologiya və tibb) tərkibdə olacaq universitet məşğələlər başlayana qədər bütünlüklə təchiz olunmalıydı.

Bu, komissiyadan intensiv fəaliyyət tələb edirdi. Komissiyanın qarşısında duran əsas vəzifələrdən birincisi isə Dövlət Universiteti haqqında qanun layihəsinin, onun nizamnaməsinin, ştat və smetasının işlənib hazırlanaraq, parlamentin müzakirəsinə çıxarılması idi. Buna paralel olaraq, universitetin təşkili, qurulması və təchizatı üçün hazırlıq işləri də aparılırdı. Kiçik tərkibdə yaranmış komissiyanın isə bu işin öhdəsindən gəlməkdə yaranacaq çətinliyi nəzərə alınaraq, məşvərətçi səs hüququna malik yeni üzvlər hesabına, kooptasiya yolu ilə onun tərkibinin genişləndirilməsi, həmçinin, işin bölüşdürülməsi məqsədilə yardımçı komissiyaların yaradılması qərarlaşdırılır. Şəhər xəstəxanasının həkimləri: Məlik bəy Sultanov, Gindes, Ter-Mikaelyans və magistr əczaçı Qoldberq məşvərətçi səs hüququna malik üzvlər seçilirlər.

Komissiya sədrinin məruzəsi üzrə aşağıdakı yardımçı komissiyalar təşkil edilir:

1. İnventar - tərkibində Komissiyanın daimi üzvü İ.S.Tsitoviç, Q.Qurviç, Məlik bəy Sultanov və maqistr əczaçı Qoldberq olmaqla;
2. Klinika tikintisi üzrə - tərkibində Komissiyanın daimi üzvü A.N.Levin və üzvlər V.İ.Razumovski, baş həkim Gindes, Məlik bəy Sultanov və Ter-Mikaelyans olmaqla;
3. Kitabxana - tərkibində sədr N.A.Dubrovski, Komissi-yanın daimi üzvü L.A.İşkov, privat–dosent Selixanoviç və A.M.Levin olmaqla;
4. Mənzil – Xalq Maarif nazirliyinin təmsilçisi sədr olmaqla, A.D.Orucəliyev, N.A.Dubrovski və İ.İ.Babuşkin.

Bundan sonra Universitet Nizamnaməsinin layihəsi dinlənilir və komissiyanın növbəti iclasında onun maddə-maddə müzakirə edilməsi qərarlaşdırılır. Təchizat işlərinin isə inventar komissiyasında müzakirə olunması tapşırıldıqdan sonra iclas günorta saat 2 tamamda yekunlaşır. (ARDA f.51, siy. 1, s.v. 39, səh.14-16 arx.)

Komissiyanın növbəti iclası 22 mayda baş tutur. İclasda Universitet üçün bir sıra xarici ölkələrdən (İtaliya, Fransa, İngiltərə, İsveçrə və Almaniya) vacib əşyaların alınması məqsədilə təcili yollar axtarılması və bu ölkələrdən gətiriləcək həmin yüklərin rüsumsuz olaraq Azərbaycana gətirilməsi üçün hökumətə müraciət edilməsi komissiyanın sədri başda olmaqla, üzvlər A.M.Levin və M.b.Sultanova, Universitetin təchiz olunması üçün lazım olan əşyaların siyahısının tutulması isə inventar komissiyasına tapşırılır.

Komissiya üzvü N.A.Dubrovski isə kitabxana məsələsini müzakirəyə çıxarır və yaxın iclaslarda kitabxana təşkil edilməsi üçün lazım olan kitabların siyahısının hazırlanması bu işlə məşğul olan yardımçı komissiyaya tapşırılır. A.M.Levin Neft Sənayeçiləri Qurultayı Şurasının Balaxanıdakı tibb kitabxanasından istifadənin mümkünlüyü məsələsi təklifini verir. Bununla əlaqədar olaraq qərara alınır ki, şəhər idarəsi qarşısında həmin kitabxana ilə yanaşı, Mixaylovski şəhər xəstəxanasının da kitabxanasının Universitet binasına köçürülməsi, bu köçürülmə və kitabxanaların qorunması ilə bağlı, o cümlədən, bu vaxta qədər kitablardan istifadə edənlər üçün heç bir maneə törədilməyəcəyi barədə şəhər idarəsi tərəfindən həmin kitabxanaların sahibkarlarına tam təminat verilməsi məsələsi qaldırılsın.
Komissiya üzvü M.b.Sultanov tərəfindən əczaxana anbarının müdiri Q.Punkonun yardımçı komissiyaya üzv seçilməsi təklifi də qəbul edilir.
(ARDA f.51, siy. 1, s.v. 39, səh.20 – 21)

Növbəti yığıncaqda (24 may) Universitetin Nizamnaməsinin layihəsi ikinci oxunuşda, müəyyən əlavə və dəyişikliklərlə qəbul edilir. Komissiya üzvü A.M.Levinin Xalq Maarif Nazirliyi üzərindən Nazirlər Şurası qarşısında məsələ qaldıraraq, yaxın vaxtda Kommersiya Uçilişi binasının Universitet üçün uyğunlaşdırılması təklifi protokola daxil edilir.
(yenə orada. Səh. 24 – 25).

26 mayda Bakı Dövlət Universitetinin 1919 – 1920 – ci tədris ili üçün ştatı və smetası (müvəqqəti) məsələsi müəyyənləşdirilir və universitetin təsis olunması haqqında qanun layihəsinin izahnaməsi qəbul olunur. (yenə orada, səh.27).

Hökumət başçısının qarşısında aşağıdakı məsələlər qaldırılmışdı:
1. Kommersiya uçilişi binasının boşaldılması;
2. Komissiyanın iclaslarının keçirilməsi və Dəftərxana üçün Birinci Gimnaziya binasındakı boş otaqların müvəqqəti olaraq tutulmasına icazə verilməsi;
3. Aşağıdakıların əldə edilməsi üçün Komissiyaya köməklik göstərilməsi: mebel hazırlanması üçün taxtabənd; bir çəllək spirt; pulsuz mebel; Komissiya üzvlərinin Qərbi Avropaya getməsi və oradan Universitet üçün lazımi elmi vəsaitlərin gətirilməsi üçün ezam olunmalarına icazə istənilməsi; xidməti heyət üçün müvəqqəti mənzil məsələsinin həll edilməsi; Universitet komissiya-sının ştat və smetasının tezliklə təsdiq olunması və uyğun kreditlərin açılması.

Bundan başqa, bina məsələsi ilə bağlı ilk növbədə Kommersiya Uçilişi binasının mütəxəssislərin iştirakı ilə texniki baxışdan keçirilməsi, burada anatomiya otağı yaradılması, 200 çarpayılıq klinika yaradılması, bir kimyaçı (Q.Gerr) və bir zooloqun (Derjavin) yardımçı komissiyaya kooptasiya edilməsi məsələləri də müzakirə olunur. ( yenə orada, səh.28 – 29).

31 may iclasında birinci Gimnaziya ilə bağlı qaldırılmış məsələnin həll edilməsi barədə dərhal sərəncam verildiyi bildirilir. Universitet klinikası ilə bağlı isə bildirilir ki, bu məsələdə Universitetə bütün imkanlar veriləcəkdir. Belə ki, bu klinika yalnız Universitet üçün elmi-pedaqoji fəaliyyət göstərməyəcək, həm də ölkənin ən böyük xəstəxanası olacaq. Həm bu, həm də digər məsələlərlə bağlı nazir lazım gələn bütün köməkliyi göstərəcək. ( yenə orada, səh.31).

26 iyunda isə unuversitet xərcləri üçün yeni bir qərarla maarif nazirinin sərəncamına əlavə 1 milyon rub. vəsait verilir. (ARDA f. 51, siy. 1, s.v. 2, səh. 275; газ. «Азербайджан», 1919. 11 июля, № 144).

7 iyul tarixdə Bakı Dövlət Universitetinin təsis olunması barədə qanun lyihəsinin bəyənilməsi və Parlamentə təqdim edilməsi barədə qərar qəbul edilir. (ARDA f. 895, siy. 3, s.v. 73, səh. 1,2).
10 bənddən ibarət olan Qanun layihəsi əlavə və dəyişikliklərlə aşağıdakı şəkildə verilir:
1. 1919-1920-ci tədris ilində tarix-filologiya fakultəsinin digər kurslar gələcək illərdə tədricən olmaqla yalnız birinci kursu açılsın.
2. Əgər xüsusi əngəllər yaranmazsa, 1919-1920 – ci tədris ilinin əvvəlində sonuncuda müsəlman hüququ və onun tarixinin hökmən öyrənilməsi şərtilə fizika-riyaziyyat və hüquq fakultəsi açılsın.
3. Bakı universitetinə daxil olanlar arasında böyük üstünlük hüququ Azərbaycan vətəndaşlarına məxsusdur.
4. Bütün fakultələr üçün türk dilinin keçilməsi məcburidir.
5. Əgər maarif naziri vacib hesab edərsə, universitetdə yeni kafedralar açıla bilər.
6. Universitetin tikintisi və ehtiyacı üçün tələb olunan miqdarda torpaq sahəsinin pulsuz verilməsi mümkün olduğundan, 7-ci maddə çıxarılsın.
7. 8-ci bəndə uyğun olaraq, 1919-1920-ci tədris ili üçün universitetin qurulması və təchizatı üçün nəzərdə tutulmuş 3,5 milyon rubl vəsait yetərsiz olarsa, beş milyon rubla qədər artırılsın.
8. Universitet nizamnaməsinin 62, 63 və 64-cü maddələrinə əlavə edilsin ki, Bakı universitetində bədbəxt hadisələr istisna olmaqla, üç ildən az olmayaraq xidmət göstərmiş şəxslər pensiya hüququna malikdir.
9. Tədris hissəsi üzrə şəxsi heyətin maaşı üçdə bir dəfə artırılsın.
10. İdarəçilik və təsərrüfat işləri üzrə çalışanların əmək haqqı məbləği aşağıdakı qaydada müəyyən edilsin: şura katibi ildə 48 min rubl, təsərrüfat müdiri, klinika və bina baxıcısı, fakultə və klinika kargüzarı - hər birinə ildə 24 min rubl olmaqla, həkim ildə 12 min rubl məbləğində; memar vəzifəsi ləğv edilsin; universitetə Xalq maarif Nazirliyinin memarının xidmətlərindən istifadə imkanı verilsin. (ARDA f. 895, siy. 3, s.v. 73, səh. 6)

Sentyabrın 8-də “Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi” barədə qərar qəbul edilir: “Universitet komissiyası tərəfindən seçilmiş operativ cərrahiyyə kafedrasının professoru V.İ.Razumovski və pataloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqorov təsdiq edilsin: birincisi – rektor. İkincisi isə Bakı dövlət universitetinin tibb fakultəsinin dekanı. Həmin komissiya tərəfindən seçilmiş fakultə klinik-müalicə kafedrasının professoru A.M.Levin və ümumi tarix kafedrasının professoru N.A.Dubrovskiyə dekan vəzifəsinin icrasına icazə verilsin; birinciyə - tibb fakultəsinin, ikinciyə isə - tarix – filologiya”. (ARDA f. 51, siy.2, s.v. 4, səh. 83).

“Bakı Dövlət Universiteti yanında zemstvo idarələri mütəxəssisləri və rəhbərlərinin hazırlanması üzrə kursların təşkil edilməsi” barədə qərar çıxır. (ARDA f. 894, siy. 1, s.v. 27, səh. 6, Азербайджан. 1919. 11 октября, № 231; 4 ноября, № 237).
1 sentyabr 1919 – cu il də Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi ilə bağlı Qanun çıxır. (ARDA, f.895. siy. 3, s.v. 73, v. 55 – 56; “Азербайджан”, 1919. 6 сентября, № 189).
Həmin qanun Azərbaycan parlamentində qəbul olunur və Bakı Dövlət Universiteti Azərbaycanını ilk ali təhsil müəssisəsi kimi tarixə düşür. Qanuna əsasən, universitetin tərkibində 4 fakultə: Tarix-filologiya şərq şöbəsi ilə birlikdə, fizika-riyaziyyat, hüquq və tibb olmaqla təsis edilir. Həmin tarixdən etibarən universitetin fakultələri (tibb və tarix-filologiya) üçün müvəqqəti ştat və smeta müəyyən edilərək, universitet şurasına təqdim edilir və Azərbaycan hökuməti ilə razılaşdırılır. Digər fakultə və kursların açılması üçün isə smeta əsasında illik kreditlər üçün isə hökumətə müraciət edilməsi tapşırılır. Qeyd olunurdu ki, əlavə maneələr yaranmadığı təqdirdə 1919-20-ci tədris ilində müsəlman hüquq və tarixinin də hökmən öyrədilməsi şərtilə fizika-riyaziyyat fakültəsinin birinci kursu açılacaq. (“Азербайджан”, 1919. 10 июля, № 143, cтр.6).


Yeganə Kamal Cabbarlı
Azvision.az üçün



Teqlər: BDU-100  





Xəbər lenti