“Allahşükür məscidi” istifadəyə verildi - VİDEO

“Allahşükür məscidi” istifadəyə verildi -    VİDEO
  05 Dekabr 2019    Oxunub:6809
Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi” istifadəyə verilib.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış tədbirində iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək deyib: "Yeni məscidin istifadəyə verilməsi Naxçıvanda dini dəyərlərə göstərilən qayğının nümunəsidir. Bu yol ulu öndər Heydər Əliyev yoludur. Bu yol Azərbaycanı daha işıqlı sabahlara aparır. İlk dəfə adım bir məsciddə əbədiləşir. Bu mənim üçün böyük qürur və iftixardır. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Allah doğma Azərbaycanımızı, Naxçıvanımızı qorusun”.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Allahşükür məscidinin istifadəyə verilməsi münasibətilə dindarları və kənd sakinlərini təbrik edərək bildirib:

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Şeyx Həzrətlərinin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ölkəmizdə qeyd olunur. İnsanın dəyəri onun əməyindədir. Zəhmət insanı şəxsiyyətə, ölkələri isə qüdrətli dövlətə çevirir. Şeyx Həzrətlərinin də bu illər ərzində zəhməti onun şəxsiyyət kimi formalaşmasına səbəb olmuşdur. Şeyxülislam Allahşükür Paşazadə Naxçıvanın qazısı olmuş, SSRİ Ali Sovetinin və Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir. Naxçıvanda onun adının əbədiləşdirilməsi Şeyxülislama göstərilən ehtiramın ifadəsidir. Çünki Allahşükür Paşazadə kimi dəyərli insanların fəaliyyəti nəticəsində bu gün ölkəmizdə dini sabitlik hökm sürür"



Ali Məclisin Sədri Allahşükür Paşazadəyə uzun ömür, cansağlığı arzulayıb, məscidin tikilməsində əməyi olanlara təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə məsciddə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, məsciddə axund otağı, qadın və kişi ibadət zalları, eləcə də digər otaqlar yerləşir. Minarəsinin hündürlüyü 19 metr olan məscidin həyətində dəstəmaz yeri tikilib, geniş abadlıq işləri aparılıb, işıqlandırma və suvarma sistemləri qurulub, istilik sistemi ilə təmin edilib.

Sonra məsciddə ilk namaz qılınıb, dualar oxunub. Ali Məclisin Sədri sakinlərlə görüşüb.



Azvision.az


Teqlər: “Allahşükürməscidi”   Naxçıvan   Ordubad  





Xəbər lenti