Nazir Bəhreyn nümayəndə heyətini qəbul edib

Nazir Bəhreyn nümayəndə heyətini qəbul edib
  04 Dekabr 2019    Oxunub:1944
Dekabrın 4-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Azvision.az -ın məlumatına görə, qonaqları salamlayan Əbülfəs Qarayev Parisdə keçirilən UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Forumunda iştirakı zamanı Bəhreynin Mədəniyyət naziri ilə görüşünü xatırladıb, UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan və Bəhreynin mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Nazir Dünya İrsi Siyahısına daxil olan Muharraq şəhərinin bərpası layihəsinin memarlıq sahəsində ən əhəmiyyətli mükafatlardan biri olan Ağa Xan Mükafatına layiq görülməsi münasibətilə Bəhreyn Krallığına təbriklərini ifadə edib.

İki ölkənin Mədəniyyət nazirliklərinin əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini vurğulayan Ə.Qarayev Bəhreynin aparıcı media qurumlarının əməkdaşlarının da daxil olduğu nümayəndə heyətinin bu səfərinin qarşılıqlı mədəni-turizm əlaqələrinin inkişafına, o cümlədən Azərbaycan mədəniyyətinin Bəhreyndə təbliğinə və tanıdılmasına mühüm töhfə verəcəyini bildirib.

“Bahrain Holidays” şirkətinin İdarə Heyətinin sədri Mahmood Alkadhem Azərbaycan xalqının və mədəniyyətinin Bəhreyn vətəndaşlarının diqqətini cəlb etdiyini, mədəniyyətlərimiz arasında oxşarlıqların olduğunu bildirib. O, şirkətin fəaliyyəti barədə məlumat verərək, sağlamlıq turizmi, təhsil turizmi sahələrində görülən işləri, habelə 70-dən çox xarici ölkəyə səfərlərin təşkil edildiyini, il ərzində hava limanı səfərlərinin 9 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, “Bahrain Holidays” şirkəti tərəfindən həyata keçirilən təhsil proqramları çərçivəsində tələbələrin müxtəlif xarici ölkələrə səfərlərinin təşkil edildiyi də vurğulanıb.

Ə.Qarayev Körfəz ölkələrində Azərbaycanın tanıdılması ilə bağlı görülən işlərdən, Azərbaycanın qoşulduğu mədəni marşrutlardan bəhs edib. Nazir həmçinin, Bəhreyn xalqının adət və ənənələri, bu ölkənin mədəni irsi və ümumilikdə mədəniyyətinin Azərbaycanda tanıdılması və təbliğinə hazır olduğumuzu diqqətə çatdırıb. Eyni zamanda, görüş zamanı Bəhreynin təcrübəsinin Azərbaycanda tətbiq edilməsi, Azərbaycan və Bəhreyn arasında memarlıq abidələrinin mühafizəsi və bərpası, təhsil turizmi ilə məşğul olan şirkətlərlə birgə əməkdaşlıq edilməsi, bu sahədə xüsusi treninqlərin keçirilməsi, habelə şirkət tərəfindən reallaşdırılan tələbə proqramları çərçivəsində ölkəmizdə fəaliyyət göstərən musiqi məktəblərində kursların təşkilində maraqlı olduğumuz qeyd edilib.

Parisə səfəri çərçivəsində İSESCO-nun yeni baş direktoru ilə görüşünü də xatırladan nazir bütövlükdə İslam ölkələrində mədəni irsin qorunması və bərpası məsələləri ilə bağlı geniş müzakirələrin aparıldığını söyləyib, son zamanlarda bu istiqamətdə əhəmiyyətli işlərin görülməsinə başlanıldığını deyib.

Sonda nazir “AlBilad” və “AlVatan” qəzetlərinin, “Golf Dairy News” və digər informasiya agentliklərinin nümayəndələrinin suallarını cavablandırıb.

Ə.Qarayev qonaqları Bakının görməli yerləri, tarixi-mədəni irsi ilə tanış olmağa dəvət edərək bu səfərin onlarda ölkəmizlə bağlı xoş və zəngin təəssürat yaradacağına ümidvar olduğunu deyib.

Azvision.az


Teqlər: ƏbülfəsQarayev  





Xəbər lenti