Konstitusiya Məhkəməsi parlamentin buraxılmasına razılıq verdi - FOTOLAR+VİDEO (YENİLƏNİB)

 Konstitusiya Məhkəməsi parlamentin buraxılmasına razılıq verdi -  FOTOLAR+VİDEO (YENİLƏNİB)
  04 Dekabr 2019    Oxunub:14105
Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılıb. İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi Fəraid Əliyev olub.



Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib. Müzakirəyə çıxarılan məsələ barədə məlumat verilib. Sonra F.Abdullayev məruzəçi hakimlərə söz verib.

İclasda sorğuverən tərəfin nümayəndəsi qismində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavabverən tərəfin nümayəndələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov çıxış ediblər.

Dinləmələr başa çatdıqdan sonra məhkəmə heyəti müşavirəyə gedib. Müşavirədən sonra məhkəmənin qərarı elan olunub.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.









Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti