Milli Məclis parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət etdi - Yenilənib

Milli Məclis parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət etdi -  Yenilənib
  02 Dekabr 2019    Oxunub:11355
Bu gün Milli Məclisin iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılıb.

İclasa spiker Oqtay Əsədov rəhbərlik edib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə ünvanlanan müraciət mətnini oxuyub.

Müraciətin mətnini təqdim edirik:

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasının həyata keçirilməsi, daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.

Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək.

Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik sahəsini də əhatə etməsini təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.

Müzakirələrdən sonra Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub. Layihəni parlamentin sədr müavini Bahar Muradova təqdim edib.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Layihənin lehinə 99 nəfər səs verib. 1 nəfər əleyhinə, 1 nəfər bitərəf, 1 nəfər isə səs verməyib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti