İcra başçısı vətəndaşın müalicə xərclərini ödədi

İcra başçısı vətəndaşın müalicə xərclərini ödədi
  29 Noyabr 2019    Oxunub:2673
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb. Açıq mikrofon şəraitində keçirilən görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, struktur, müəssisə, idarə rəhbərləri də iştirak ediblər.
Azvision.az xəbər verir ki, Niyazi Bayramov çıxış edərək bildirib ki, hazırda Gəncədə abadlıq quruculuq işləri tam sürətlə davam etməkdədir. Binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, şəhərin su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur, çoxmərtəbəli binaların liftləri dəyişdirilir, yollarda təmir-bərpa işləri gedir. Şəhər rəhbəri bütün bu işlərin Prezident İlham Əliyevin Gəncə və gəncəlilərə olan diqqət, qayğısından irəli gəldiyini şəhər sakinlərinin nəzərinə çatdırıb.



Müraciətlər əsasən dərman preparatları ilə təminat, məhəllədaxili yolların asfaltlanması, uşaqlar üçün oyun meydançalarının yaradılması, fərdi evin təmiri və işlə təminatla bağlı olub.
Bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digərlərinin araşdırılaraq aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan problemlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.



Bunlardan başqa sakinlər öz şəxsi problemlərini də dilə gətiriblər. Şəhər sakini Yazgül İsgəndərova qızının səhhəti ilə əlaqədar özəl xəstəxanaya yerləşdirildiyini bildirib. Onun müalicə xərclərini qarşılaya bilmədiyi üçün müvafiq yardım göstərilməsini xahiş edib. Müraciəti dinləyən Niyazi Bayramov görüşdən dərhal sonra sözügedən xəstəxanaya baş çəkib.



Xəstənin vəziyyəti ilə maraqlanıb, onun müalicə xərclərinə yardım göstərib. Vətəndaş Yazgül İsgəndərova göstərilən diqqətə görə dövlət başçısına və şəhər rəhbərinə öz təşəkkürünü bildirib.

Azvision.az



Teqlər: Gəncə  





Xəbər lenti