Rus “İsgəndər”ləri Azərbaycanı təhdid edir - VİDEO

Rus “İsgəndər”ləri Azərbaycanı təhdid edir - VİDEO
  16 Dekabr 2013    Oxunub:998
Almaniyanın “Bild” həftəliyi bu gün xəbər verib ki, Rusiya öz “İsgəndər-M” operativ-taktiki raketlərini Kalininqrad vilayətində yerləşdirib.
AzVision.az xəbər verir ki, alman həftəliyi bu məlumatı yayarkən məxfi peyk fotoçəkilişlərinə istinad edir. Alman kəşfiyyatının verdiyi məlumata görə, peyk çəkilişləri təsdiq edir ki, ən azı 10 “İsgəndər-M” raket kompleksləri Kalininqradda, o cümlədən Latviya, Litva və Estoniya ilə sərhəddə yerləşdirilib. Alman kəşfiyyat ekspertləri komplekslərin 2013-cü ilin ortalarında Kalininqradda yerləşdirildiyini bildirir.

“Bild” həftəliyi qeyd edir ki, “İsgəndər-M” raketləri həm adi, həm də nüvə başlıqları ilə təchiz oluna bilir. Raketlərin hədəfi vurma məsafəsi 500 kilometrdir. Beləliklə, Kalininqradda yerləşdirilmiş rus “İsgəndər”ləri bütün Polşa ərazisini, o cümlədən Berlini vura bilər.
Rusiya “İsgəndər-M” komplekslərinin Kalininqrad vilayətində yerləşdirilə biləcəyinə dair xəbərdarlıqla ABŞ-ın Avropada raketdən müdafiə sistemi yerləşdirmək planlarına cavab olaraq çıxış etmişdi. Lakin komplekslərin Avropa ilə sərhəddə yerləşdirilməsinə dair konkret məlumat yox idi.

Rusiyalı ekspertlərin qənaətinə görə, komplekslərin yerləşdirilməsi bir tərəfdən ABŞ-ın raketdən müdafiə sisteminin elementlərini Avropada yerləşdirmək planlarına cavabdır. Digər tərəfdən isə Kreml bununla Avropa İttifaqının Şərqə doğru genişlənməsinə cavab vermiş olur.
Bu ilin əvvəllərində Rusiya Müdafiə Nazirliyi elan edib ki, qoşunların “İsgəndər-M” kompleksləri ilə təchizatının konkret müddəti müəyyən olunub. Nazirlikdən “İzvestiya” qəzetinə bildirilmişdi ki, yeni operativ-taktiki raket kompleksləri 2013-cü ilin yayında Rusiya ordusunun Qərb və Cənub qruplaşmalarına təhvil veriləcək. Bununla belə hansı qruplaşmaya nə qədər “İsgəndər” kompleksi veriləcəyi açıqlanmayıb. Söhbət həmin qoşun qruplaşmalarının sərəncamında olan və köhnə modifikasiyalı “İsgəndər-E” komplekslərinin yeni “İsgəndər-M” kompleksləri ilə əvəz olunmasından gedir.

Həmçinin bu ilin yayında “Azadlıq” radiosunun erməni xidməti məlumat yaydı ki, Rusiya “İsgəndər-M” komplekslərini Ermənistan ərazisində yerləşdirib. Məlumatı radiostansiyaya Ermənistan Müdafiə Nazirliyindəki mənbə vermiş və bildirmişdi ki, ölkə ərazisində bir neçə “İsgəndər-M” kompleksi var. Bununla belə Rusiyanın kompleksləri Ermənistan ordusunun sərəncamına verdiyi, yoxsa 102-ci bazanın təchizatına daxil etdiyi dəqiqləşdirilməyib.
Rusiyanın “İsgəndər-M” kompekslərini Ermənistanda yerləşdirilməsinə dair xəbərlər Azərbaycanda narahatlıq doğurub. Rəsmi orqanlar isə bu məlumata şərh verməyiblər.
Bəs “İsgəndər-M” kompleksləri Avropanı və Azərbaycanı niyə narahat edir? Bu raketlərin özəlliyi nədədir və güclü raketdən müdafiə sistemlərinə malik olan Avropa ölkələri, o cümlədən son illərdə hava hücumundan müdafiə sistemlərini təkmilləşdirən Azərbaycan bu komplekslərdən niyə qorxmalıdır?

Rusiya hərbi nəşrlərində məlumat verilir ki, “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Petriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. Virtualaz.org saytı hərbi qaynaqlara istinadən bildirir ki, “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir.

“İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 10 metr dəqiqliyi ilə vura bilir. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil.

Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

Beləliklə, “İsgəndər-M” komplekslərinə qarşı müdafiə dünyada praktiki olaraq mövcud deyil və təsadüfi deyil ki, Rusiya bu raketləri ABŞ-ın Avropada raketdən müdafiə sisteminə qarşı cavab kimi Kalininqradda yerləşdirib.

Raketlərin Ermənistanda yerləşdirilməsi isə Azərbaycanın son illərdə öz silahlı qüvvələrini hədəfi dəqiq vuran raket sistemləri və düşmən raketlərinə qarşı ən yeni müdafiə kompleksləri ilə təchiz etməsinə cavabdır.

Məlum olduğu kimi, Azərbaycan İsraildən raketdən müdafiə sistemini təşkil edən “Green Pine” radar kompleksi və “Barak-8” raketləri sifariş verib. Bu sistem mümkün müharibə zamanı Ermənistanın sərəncamında olan raketlərin hücumunu neytrallaşdırmağa imkan verir. Lakin “İsgəndər-M” raketlərinə qarşı müdafiə qabiliyyəti mövcud deyil. Rusiya isə Azərbaycana “Smerç” reaktiv artilleriya sistemləri, S-300 PMU “Favorit” sistemləri, “Toçka-U” kompleksləri sataraq bütün bunlara qarşı balansı Ermənistanda, Azərbaycanla sərhədlərin yaxınlığında “İsgəndər-M”ləri yerləşdirməklə saxlamaq istəyir.





Virtualaz.org


Teqlər:





Xəbər lenti