İnam Kərimov iclas keçirdi

İnam Kərimov iclas keçirdi
  27 Noyabr 2019    Oxunub:2454
Kənd Təsərrüfatı Nazirliyində “Tütünçülükdə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib. Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən iclasda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin ekspertizası və təhlili idarəsinin direktoru Azər Süleymanov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Elmi-Tədqiqat institutlarının nümayəndələri, Tütün İstehsalçıları Şurasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin nümayəndələri, tütünçülüklə məşğul olan fermerlər iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclası açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan olunub. Nazir qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir”.

Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu deyən nazir bu sahənin inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatının digər sahələrində olduğu kimi, tütünçülükdə də torpaq və su resurslarından səmərəli istifadə etmək və məhsuldarlığı artırmaqla bağlı çox mühüm tapşırıq verib. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək hər hektardan məhsuldarlıq 20 sentner olmaqla əkin sahələrinin 6000 hektara çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bu hədəfə çatmaq üçün ölkəmizdə bütün şərait və imkanlar mövcuddur. Bunun üçün əsas təşviq alətlərindən birini dövlət tərəfindən verilən subsidiyalar təşkil edir. Yeni subsidiya qaydalarına görə tütünçülüyə daha çox diqqət ayrılacaq”.

Nazir çıxışında Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. Nazir İnam Kərimov fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğunu diqqətə çatdırıb. O, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra iclasda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin ekspertizası və təhlili idarəsinin direktoru Azər Süleymanov, Azərbaycan Sənaye Korporasiyasının Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov, Tütün İstehsalçıları Şurasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin nümayəndələri, tütünçülüklə məşğul olan fermerlər çıxış edərək ölkədə tütün istehsalında mövcud vəziyyətdən danışıb, tütünçülüyün inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

İclasda Tütün İstehsalçıları Şurasının tütünçülüklə bağlı 2020-ci il üçün tədbirlər planı müzakirə edilib, tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Azvision.az


Teqlər: İnam-Kərimov  





Xəbər lenti