Nazir UNESCO-nun baş direktoru ilə görüşüb
Xanım Odre Azuley Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Baş direktor Azərbaycana ilk səfəri zamanı Azərbaycanın Birinci Vitse-Prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.
Əbülfəs Qarayev, öz növbəsində cari ilin 19 noyabr tarixində UNESCO baş qərargahında keçirilmiş Mədəniyyət nazirləri Forumunun əhəmiyyətini qeyd edərək forumun formatının ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
Nazir Bakı şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinə görə təşəkkürünü bildirib və hazırda bununla bağlı bir sıra işlərin həyata keçirildiyini söyləyib.
Əbülfəs Qarayev, həmçinin cari ilin 27 noyabr tarixində UNESCO baş qərargahında təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ümumdünya İrs Komitəsinin sədri qismində 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edəcəyini bildirib.
Görüşdə yaradıcı sənayelərin inkişafı və bu istiqamətdə UNESCO ilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: