“Bəzi təkliflərlə bağlı Prezidentə müraciət edilib” - Nazirdən açıqlama

 “Bəzi təkliflərlə bağlı Prezidentə müraciət edilib” -   Nazirdən açıqlama
  25 Noyabr 2019    Oxunub:2978
“Milli Məclisdə müzakirələr zamanı səsləndirilən bəzi təkliflərin qəbul edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilib və Prezident tərəfindən bir sıra məsələlərin mövcud büdcə layihəsində nəzərə alınması mümkün hesab edilib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2020-ci il dövlət büdcəsi layihəsinin II oxunuşda müzakirəsi zamanı çıxış edən Maliyyə naziri Samir Şərifov deyib.

Nazir gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq məsələləri diqqətə çatdırıb: “Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsait 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılması təklif olunub. İctimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması da təklif edilir. Bununla bərabər, Azərbaycan Prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu ərazisinlə Qədim Ağsu şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının da büdcə layihəsində nəzərə alınması təklif olunur”.

S.Şərifov qeyd edib ki, maliyyə təminatının daha da yaxşılaşdırılması ilə bağlı 2020-ci il üçün Milli Məclisin xərcləri əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir:

“Eyni zamanda Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Həmin müraciətə əsasən, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının əlavə olaraq artırılması hesabına Muxtar Respubilkanın öz gəlirlərinin 19 milyon manat artırılması və dövlət büdcəsində müvafiq olaraq Muxtar Respublikaya ayrılan dotasyia məbləğinin 19 milyon manat azalmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manat vəsaitin dövlət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur. Bu zaman Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən Muxtar Respublikasınn büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq”.

S.Şərifov deyib ki, aparılacaq dəyişiklik nəticəsində 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layihədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 miylard 488 milyon manat səviyyəsində nəzərdə tutulur: “İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1 milyard 936 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin gəlirləri təqdim olunmuş səviyyədə, yəni 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 miylard 894,7 milyon manat, kəsir isə 19 milyon manat azaldılaraq 1 milyard 786 milyon manat təşkil edəcək. Bunları nəzərə alaraq, təqdim olunmuş 2020-ci il dövlət büdcəsi layihəsində düzəlişlərin edilməsinə ehtiyac yaranır. Təklif edirik ki, bu təkliflər qəbul edildiyi təqdirdə qanun layihəsinin 7.1, 7.3, 7.7 və 7.12 maddələrində müvafiq dəyişikliklər öz əksini tapsın”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Samir-Şərifov  





Xəbər lenti