Deputat Nazirlər Kabinetinin qərarını tənqid etdi

 Deputat Nazirlər Kabinetinin qərarını tənqid etdi
  25 Noyabr 2019    Oxunub:2097
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Elman Məmmədov Nazirlər Kabinetinin 2017-ci ildə məcburi köçkünlərlə bağlı qəbul etdiyi qərarını tənqid edib.
Azvision.az xəbər verir ki, deputat Azərbaycanda məcburi köçkünlərə dövlət başçısı tərəfindən hər zaman yüksək diqqət və qayğının göstərildiyini qeyd edib. Onun sözlərinə görə, ölkə başçısı bütün çıxışlarında bildirib ki, məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmaq lazımdır:

“Hökumət də bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır. Amma bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkünlər statusuna malik olan bir qrup insanın yolunun bağlanmasını gətirib çıxarır. Məsələn, mən Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını diqqətinizə çatdırıram. Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb.

İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Bu, ziddiyyət təşkil edir axı. Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə və onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Köçkün  





Xəbər lenti