Pərviz Şahbazov Trampın köməkçisi ilə görüşdü

Pərviz Şahbazov Trampın köməkçisi ilə görüşdü
  23 Noyabr 2019    Oxunub:2719
ABŞ-da səfərdə olan Energetika naziri Pərviz Şahbazov prezidentin köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasında Beynəlxalq iqtisadiyyat, enerji və iqlim üzrə naş direktor Vels Qriffit ilə görüşüb.
Energetika Nazirliyindən Azvision.az -a bildirilib ki, görüşdə iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji sahəsində tərəfdaşlığın töhfələri kimi “Əsrin müqaviləsi”nin, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinin enerji təhlükəsizliyinin təminatında və enerji təchizatının şaxələndirilməsindəki strateji rolundan bəhs olunub.

P.Şahbazov deyib ki, 25 illiyi qeyd edilən və ABŞ şirkətlərinin də təmsil olunduğu “Əsrin müqaviləsi”nin imzalanması ilə ümummilli lider Heydər Əliyevin neft strategiyasının əsası qoyulub, bununla da Azərbaycan enerji tədarükçüsünə çevrilib.

“Azərbaycanın bölgədə sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıyan enerji sahəsində bütün təşəbbüsləri həmişə ABŞ-ın ardıcıl dəstəyi ilə təmin olunub. Biz bu dəstəyi bu gün də Cənub Qaz Dəhlizi layihəsinin vaxtında həyata keçirilməsində görürük. Bu dəstəyə görə Azərbaycan hökuməti adından ABŞ hökumətinə təşəkkür edirəm”, - deyə nazir bildirib.

Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində rolunu xüsusi qeyd edən Ağ Ev rəsmisi Azərbaycanla bu sahədə əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə, həmçinin energetika sektorunda islahatlar prosesi, bərpa olunan enerji sahəsinin inkişafı ilə əlaqədar planlar müzakirə edilib. ABŞ-ın bərpaolunan enerji sahəsində təcrübəsinin öyrənilməsinin vacibliyi bildirilib.

V.Qriffit ABŞ-ın zəngin təcrübəyə, texniki imkanlara və müasir laboratoriyaya malik enerji departamenti ilə əməkdaşlığın səmərəli olacağını diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: PərvizŞahbazov  





Xəbər lenti