Prokurorluğun korrupsiyaya qarşı mübarizə sahəsində təcrübəsi beynəlxalq sənədin qəbulunda nəzərə alınıb

  22 Noyabr 2019    Oxunub : 1527
 Prokurorluğun korrupsiyaya qarşı mübarizə sahəsində təcrübəsi beynəlxalq sənədin qəbulunda nəzərə alınıb
Prokurorların dövlətin cinayət ədliyyə sistemində və qanunun aliliyinin qorunmasında müstəsna rolu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyini nəzərə alaraq 2005-ci ilin iyul ayında AŞ Nazirlər Komitəsinin qərarı ilə Avropa Prokurorlarının Məşvərət Şurası (CCPE) yaradılıb.
Azvision.az xəbər verir ki, Avropa Şurasına üzv dövlətlərin yüksək vəzifəli prokurorlarını birləşdirən qurum hər il plenar iclaslar təşkil etməklə prokuror fəaliyyətinə aid aktual mövzular üzrə rəylər hazırlayıb Nazirlər Komitəsinə təqdim edir.

Cari ilin 21-22 noyabr tarixlərində Parisdə Şuranın 14-cü plenar iclası keçirilmişdir.
İki günlük plenar iclasda ekspert qrupu tərəfindən “Korrupsiya, iqtisadi və maliyyə cinayətlərinə qarşı mübarizədə prokurorların rolu” adlı 14 saylı Rəy geniş müzakirə edilərək qəbul edilib.

Tədbirdə Azərbaycan Respublikasını təmsil edən və sənədin hazırlanmasında işçi qrupunun üzvü olan Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov Rəyin müzakirəsi zamanı ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunmuşdur ki, Azərbaycan Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) ilə 15 ildən artıqdır ki uğurlu əməkdaşlıq edir.

Həmçinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Anti-Korrupsiya Şəbəkəsi də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin beynəlxalq aləmdə səmərəli anti-korrupsiya fəaliyyətinin nümunəvi modeli kimi tövsiyə edib.

Ölkəmiz tərəfindən Rəyin mətninə verilən təkliflər nəzərə alınaraq yekun sənəddə öz əksini tapıb.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, aktual məsələlər müzakirə olunub.

Azvision.az

Teqlər: Prokurroluq   Korrupsiya