YAP-ın 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

YAP-ın 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib -  FOTOLAR
  21 Noyabr 2019    Oxunub:2493
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov partiya sədri, Prezident İlham Əliyev və partiya sədrinin müavini, Birinci Vitse-prezident Mehriban Əliyevanı partiyanın yaranmasının 27-ci ildönümü münasibəti ilə təbrik edib.



Ə.Əhmədov deyib ki, 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni edib: “İnsanlar birmənalı dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu Heydər Əliyevin hakimiyyətə gəlməsidir. Heydər Əliyevin hakimiyyətə sivil yolla gəlməsinin forması kimi Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyası yaranandan 6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi insanların bu istəyinin nə dərəcədə dərin olduğunu təsdiqlədi. Yeni Azərbaycan Partiyası yaranmasaydı, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz tamamilə fərqli tarixi, taleyi yaşayacaqdıq. Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanı bəlalardan xilas etdi. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm yerində boğuldu, Azərbaycanın parçalanmasının qarşısı alındı və Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. 27 yaşı olan partiya 26 ildir ki, hakimiyyətdədir və xalqa ləyaqətlə xidmət edir. 1993-cü ildə parçalanma təhlükəsi ilə üzləşən Azərbaycan Heydər Əliyev və Prezident İlham Əliyevin sayəsində bu gün dünya reytinqlərində ən yüksək yerlərdədir. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar”.



YAP sədrinin müavini qeyd edib ki, bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur: “Partiyamız xalqın, dövlətin maraqlarını şəxsi maraqlardan üstün tutmaq mədəniyyətini gətirib. Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox insan cəmləşib. Azərbaycanda gənclərin 10 faizi partiyamızın üzvüdür. Azərbaycan vətəndaşlarının böyük hissəsi dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaq. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu günlərdə keçirilən sosioloji sorğuda xalqın 88 faizi Prezident İlham Əliyevi dəstəkləyib. Azərbaycan xalqının gələcəyi bundan sonra da parlaq olacaq”.



Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı partiyanın yaranma tarixi, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışıblar.

Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib.







Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: YAP  





Xəbər lenti