Sumqayıtda “Nizami” kinoteatrının yeni binası açıldı - Yenilənib

  21 Noyabr 2019    Oxunub : 3109
 Sumqayıtda “Nizami” kinoteatrının yeni binası açıldı - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə məlumat verdi ki, “Nizami” kinoteatrı üçün yeni binanın inşasına bu ilin mayında başlanılıb. Nəriman Nərimanov küçəsində yerləşən binanın ərazisi abadlaşdırılıb, ətrafda istirahət parkı salınıb. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqlar var.

Qeyd edək ki, müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan “Nizami” kinoteatrının yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Bu, şəhər həyatı ilə bağlı mədəni tədbirlərin keçirilməsini daha da stimullaşdıracaq, insanların istirahətinin təşkilində əhəmiyyətli rol oynayacaq, gənclərin bu tədbirlərdə daha fəal iştirakına təkan verəcək.

Kinoteatrın qarşısında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli qoyulub.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar digər sahələrlə yanaşı, mədəniyyət sferasını da əhatə edib. Bu islahatların səmərəli nəticələrini isə istər mədəniyyət sahəsində çalışanların sosial-rifah halının yaxşılaşdırılmasında, yeni mədəniyyət obyektlərinin inşasında və mövcud olanların müasir səviyyəyə çatdırılmasında, istərsə də, bu sferanın maddi-texniki bazasının möhkəmlənməsində aydın görmək olar. Ölkəmizdə bu istiqamətdə icra olunan layihələr isə davamlı xarakter alıb. Sumqayıtda “Nizami” kinoteatrı üçün yeni binanın inşası bunu bir daha göstərir. Bu cür layihələrin həyata keçirilməsi yeni mədəniyyət ocaqlarının yaradılması baxımından ölkəmizdə görülən işlərin ardıcıllığını nümayiş etdirir. Eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında belə mədəniyyət ocaqları mühüm rol oynayır.

Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev