Nazirin 65 hüquqşünasla görüşü keçirilib

Nazirin 65 hüquqşünasla görüşü keçirilib
  21 Noyabr 2019    Oxunub:2392
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün gənclər cəmiyyət həyatının bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində fəal iştirak edir, həmçinin ölkədə geniş vüsət alan könüllülük hərəkatının aparıcı qüvvəsi olmaqla səmərəli fəaliyyətləri ilə fərqlənirlər.
Gənclər ədliyyə orqanlarında da geniş təmsil olunur, onların fəaliyyətinə xüsusi qayğı göstərilir. Gənclərin işlə təminatı diqqətdə saxlanılaraq ədliyyə orqanlarının hazırlıqlı, bilik və bacarıqları ilə seçilən, mənəvi və etik dəyərləri yüksək tutan işçilərlə möhkəmləndirilməsi məqsədilə qulluğa qəbul üzrə davamlı şəffaf müsabiqə və müsahibələr keçirilir. Hazırda çoxminli əməkdaşların təxminən yarısını gənclər, qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləri isə nazirliyin əksər xidmətlərinin kadr korpusunun 70 faizə qədərini təşkil edir.

Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın istedadlı gənclərin dəstəklənməsi, onların innovativ potensiallarının və bacarıqlarının üzə çıxarılması sahəsində uğurlu fəaliyyəti qadınların dövlət idarəetməsində də fəal iştirakına əlavə stimul verib, o cümlədən son müsabiqələr üzrə ədliyyə orqanlarına qulluğa qəbul olunanların üçdəbirini qadınlar təşkil edib.

Eyni zamanda, ölkə gənclərində ədliyyə orqanlarında işləməyə həvəsi artırmaq, onların məşğulluğunun təmin olunmasına şərait yaratmaq məqsədilə fəaliyyətə könüllülərin cəlb edilməsi təcrübəsi genişləndirilir. Hazırda ədliyyə sistemində 600-dən çox gənc könüllü kimi fəaliyyət göstərir və müvafiq vakansiyaların komplektləşdirilməsi zamanı ilk olaraq onların təyinat məsələlərinə baxılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində qulluğa qəbul olunaraq Azərbaycanın müxtəlif bölgələrinə təyinat almış və əksəriyyəti gənclər olan 65 hüquqşünasla Ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Gənclər əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub. Onlar, həmçinin ulu öndər Heydər Əliyevin nazirliyin binasında büstü önünə gül dəstələri düzüblər.

Nazirlikdə keçirilmiş tədbirdə Ədliyyə naziri çıxış edərək Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli davamlı tərəqqisini vurğulayıb, əhalinin bütün təbəqələrinin rifahının yüksəldilməsinə yönələn tədbirlər, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, ədliyyə orqanlarının inkişafı üzrə görülən çoxşaxəli işlər barədə məlumat verib, statistik göstəriciləri diqqətə çatdırıb.

Həmçinin nazir dövlətimizin gənc nəslin hərtərəfli inkişafına qayğısından, o cümlədən onların dövlət idarəçiliyində məsul vəzifələrə irəli çəkilmələrindən, ictimai-siyasi həyatda daha geniş şəkildə təmsil olunmaları üçün görülən tədbirlərdən bəhs edib.

Prezident İlham Əliyevin ölkəmizdə müasir dünyagörüşlü, təmiz, bilikli və Vətənə bağlı kadrların işə cəlb edilməsi barədə verdiyi tapşırıqları vurğulayaraq onlara fəaliyyətləri dövründə zəruri təcrübə toplamaları, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə göstərişlərini verib, insanlara qayğılı münasibət göstərmələrini diqqətə çatdırıb.

Namizədlərin yarıdan çoxunun əvvəlki müsabiqələrdə dəfələrlə iştirak etmələrini və əzmkarlıq göstərərək bilik səviyyələrini artırmaqla hazırda uğur qazanmalarını onların ədliyyə orqanlarına inamının təzahürü kimi yüksək qiymətləndirib.

Çıxış edən hüquqşünaslar peşə bayramı ərəfəsində qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, müsabiqə müddətində ədliyyə könüllüsü kimi fəaliyyətə cəlb edilmələrinin əhəmiyyətini xüsusi vurğulayıblar. Ədliyyə qulluqçusu olaraq ölkə başçısının ətrafında sıx birləşərək ölkəmizin hərtərəfli tərəqqisinə və qüdrətlənməsinə sədaqətlə xidmət edəcəklərini vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, vəzifələrini vicdanla yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Daha sonra yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr verilib.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti