"Azərbaycan ailəsi" mövzusunda konfrans keçirilib

  20 Noyabr 2019    Oxunub : 911
"Azərbaycan ailəsi" mövzusunda konfrans keçirilib
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir rayonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ruhid Hacıyev , ekspert qismində Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri, jurnalist Seymur Verdizadə, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ruhid Hacıyev qurulan ailələrin gender bərabərliyinin istər hüquqi baxımdan, istərsə də sosioloji aspektlər baxımından daim diqqətə saxlamalı olduğununun vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, ailə institutunun qorunmasında hüquqi normativ baza günün tələbinə uyğun olaraq təkmilləşdirilir. Natiq çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, çıxışına bir neçə gün öncə Bakı şəhərində Dünya dini liderlərinin II Bakı Sammiti zamanı cənab Prezident İlham Əliyevin söylədiyi “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşılanır.

Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır” deyə söylədiyi fikirləri səsləndirərək diqqətə çatdırıb ki, ailə dəyərlərinin geniş təbliği ənənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır. R.Qurbanov qeyd etmişdir ki, bu günə kimi Fond tərəfindən Bakı və regionlarda ənənəvi deyerlerin tebligi istiqamətində aktual mövzularla bağlı silsilə tədbirlər icra edilmişdir. "Azərbaycan ailəsi" mövzusunda keçirilən tədbir də bu qəbildəndir.

Çıxışını "Niyə ailə institutun möhkəmlənməsi vacibdir?" sualı ətrafında quran icraçı direktorun müavini bir sıra səbəblərə toxunaraq diqqətə çatdırmışdır ki, dəyərlər ailədə doğulur, cəmiyyətdə böyüyür və inkişaf edir. Bu səbəbdən sağlam sütunlar üzərində dünyaya göz açan ənənəvi dəyərlər bütün dövrlərdən sınaqdan çıxmağı bacarır. Dünyada ailə institutlarının zəifləməsindən keçirilən narahatlıqlara diqqət çəkən natiq bildirmişdir ki, demoqrafik böhranın kökündə dayanan əsas səbəblərdən biri də məhz ailə dəyərlərinin zəifləməsidir.

Jurnalist deyib ki, cəmiyyətdə sağlam mənəvi mühitin yaranması həm də xoşbəxt ailələrin sayından asılıdır. Ekspert gəncləri ailə dəyərlərinə sadiq olmağa, nəsillərdən-nəsillərə ötürülən ənənələri yaşatmağa səsləyib. Konfransın sonunda "Azərbaycan ailəsi " filmi nümayiş olunub.

Azvision.az

Teqlər: Şəmkir