Mühacir alverçiləri necə ələ keçdi? - Məmmədovun alman polisə etirafı (ARAŞDIRMA)

  20 Noyabr 2019    Oxunub : 7536
 Mühacir alverçiləri necə ələ keçdi? - Məmmədovun alman polisə etirafı (ARAŞDIRMA)
Məlum olduğu kimi, Almaniyada mühacir alverində ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı Koblenz məhkəməsinin qərarı açıqlanıb. Qərarda bildirilir ki, maddi sübutların aşkar edilməsi üçün təqsirləndirilən şəxslərə məxsus evə və obyektlərə, həmçinin nəqliyyat vasitələrinə baxış keçirilib.
Rəsmi sənəddə xüsusi olaraq vurğulanır ki, indiyədək aparılan istintaqla aşkar edilən faktlar əsasında təqsirləndirilən Məmmədovun gəlir əldə etmək məqsədi ilə insanların qanunsuz olaraq ölkəyə (Almaniyaya - red) gətirilməsi, o cümlədən çirkli pulların yuyulması kimi əməllərinin olmasına dair əsaslı şübhələr yaranıb.

Həmçinin qeyd olunur ki, Məmmədov 2015-ci ildən etibarən Xəlilbəyli ilə birlikdə, gəlir əldə etmək məqsədilə Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz, yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə kömək etməkdə və bununla gəlir əldə etməkdə təqsirli bilinir.



2014-cü ildən etibarən Məmmədovun özünün və ailəsinin, həmçinin digər təqsirləndirilənlər Bayraməliyev, Əkbərov və onların ailələrinin Almaniyaya qanunsuz olaraq gətirilməsi həyata keçirilib.

Bundan əlavə, şəxsiyyəti hələlik bilinməyən 60-a qədər azərbaycanlı qanunsuz olaraq Almaniyaya gətirilib. Bir neçə min avroluq ödəniş qarşılığında, qanunsuz miqrantlara gəldikləri ölkədə guya siyasi təqibə məruz qalmasını sübut etmək üçün Almaniyada saxta sənədlər təqdim olunub və bu sənədlərdən qaçqın statusu almaq prosesində istifadə olunub.



Cinayət barədə şübhələr polis tərəfindən həyata keçirilən istintaq zamanı, o cümlədən təqsirləndirilən Məmmədovun verdiyi faktlara əsaslanır. Həmin şəxs ifadəsində istintaqa geniş və inandırıcı məlumatlar verib. Bir sözlə, cinayətkar şəbəkənin ifşasında Məmmədov açar rolunu oynayıb. Onun ifadəsi əsasında şəbəkənin digər üzvləri də aşkar edilib.

Azvision.az-ın araşdırması zamanı məlum olub ki, Koblenz məhkəməsinin qərarında Məmmədov soyadı ilə təqdim olunan şəxs Rəşad Məmmədovdur. O, mühacir biznesi şəbəkəsinin həbs olunan aparıcı üzvü, Müsavat AKM-in sədr müavini Mehdi Xəlilbəylinin sürücüsü olub.

Rəşad Məmmədov Almaniyanın Koblenz şəhərinin yaxınlığında yerləşən Neuwied adlı şəhərdə yaşayıb. Saxlanılan şəxs siyasi mühacir kimi yerləşdiyi Almaniyada Müsavat başqanı Arif Hacılının “sağ əli” hesab olunan Mehdi Xəlilbəylinin sürücüsü, həm də cinayət ortağıdır. Daha doğrusu, Xəlilbəyli “qara işlər”ini Məmmədov vasitəsilə həyata keçirib.



İlk olaraq alman polisi Rəşad Məmmədovun izinə düşüb. O, dindirilmə zamanı cinayət əməlinin digər iştirakçılarını da ələ verib, yumşaq şəkildə desək, istintaqla əməkdaşlıq etməyə başlayıb. Məhz onun verdiyi məlumatlardan sonra şəbəkənin üzvlərinə qarşı əməliyyat keçirilib və şübhəli bilinən şəxslər saxlanılıb.

Hazırda faktla bağlı istintaq davam etdirilir. Hələlik azadlıqda olan digər mühacir alverçilərinin də yaxın günlərdə müəyyən edilərək, cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, son günlər Avropa ölkələrində, xüsusən də Almaniyada qanunsuz miqrasiyaya qarşı ciddi tədbirlər görülür. Belə ki, noybarın 13-də Almaniyanın 6 əyalətində keçirilmiş əməliyyat nəticəsində miqrant biznesi ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanılıb. Onlara məxsus ev və obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah aşkar edilib. Barələrində həbs-qətimkan tədbiri seçilən mühacir alverçilərinin bəziləri Müsavat partiyasının üzvləridir.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Müsavat   Mühacir