Vitse-spiker: “Gələn il vergi daxilolmaları artacaq”
Komitə sədri bildirib ki, gələn ilin inkişaf parametrlərinə tam uyğun şəkildə hazırlanan dövlət büdcəsi Azərbaycanın iqtisadi yüksəlişinə, əhalinin sosial rifahının daha da gücləndirilməsinə, mədəni və humanitar sahələrdə görülən işlərə, o cümlələdən ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun döyüş imkanlarının daha da artırılmasına xidmət edəcək.
Milli Məclis sədrinin müavini qeyd edib ki, gələn ilin dövlət büdcəsinin icrasından gözləntilər həm də qeyri neft-sektorundan daxilolmaların artması və bunun da nəticəsində büdcədə neft amilindən asılılığın azaldılmasıdır.
"Həyata keçirilən islahatlar və qarşıya qoyulan vəzifələr onu deməyə imkan verir ki, gələn il vergi daxilolmaları artacaq. Xüsusilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsindəki proseslər nəzərdə tutulan hədəflərə çatmağı təmin edəcək. Bütün bunlar həm də biznesin, orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, büdcədən ayrılan xərclərin səmərəliliyinin artırılması, şəffaflığın və hesabatlılığın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılacaq. Regional inkişafa, bölgələrdə məşğulluğun təmin olunmasına, kənd təsərrüfatının inkişafına dair prioritetlərin yerinə yetirilməsinə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edəcək istiqamətlərdə siyasətin həyata keçirilməsi ilə bağlı məsələlərin yüksək səviyyədə maliyyələşməsi büdcə paketində nəzərə alınıb".
Azvision.az
Teqlər: BaharMuradova MilliMəclis