“Cavid Qurbanovu bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var” - Prezident

  “Cavid Qurbanovu bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var” -    Prezident
  19 Noyabr 2019    Oxunub:2744
"Dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Mən artıq bu rəqəmləri səsləndirmişəm. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdədir, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bütün bunları son illər ərzində biz həll etmişik".
Azvision.az xəbər verir ki, bu sözləri Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışında iştirak edən Prezident İlham Əliyev dəmiryolçularla görüşündə deyib.

Ölkə başçısı çıxışında bildirib: "Dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var. Həm Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar kəskin artır, eyni zamanda, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan yeni müasir “Ştadler” vaqonları alınıb. Hesab edirəm ki, bu vaqonlar, dünya miqyasında ən gözəl və təhlükəsiz vaqonlardır".

Prezident qeyd edib ki, dəmir yolları, stansiyalar tikilir, şəhərətrafı dəmir yolu uğurla inşa edilir.

"Bu gün mən Pirşağıdan Bakıya çox rahat gəlmişəm. Gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə, dairəvi yol formalaşacaq. Gələn ilin investisiya proqramında yenə də əlavə vəsait nəzərdə tutulacaq ki, biz dəmir yolu şəbəkəsini genişləndirək.

Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda, bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır. Bakı-Gəncə sürət qatarının işləməsi görün ölkəmizə nə qədər böyük dəyişiklik gətirir. İndi Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir. Bundan sonra da bu işlər görüləcək. Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpası nəzərdə tutulur. İşlər çoxdur. Mən dəmiryolçuları görülmüş işlər münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Cavid-Qurbanov  





Xəbər lenti