Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılır

  Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılır
  19 Noyabr 2019    Oxunub:5344
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, qanuna yeni 11-2-ci maddə (Məhkəmə ekspertlərinin attestasiyası) əlavə olunub.

Maddəyə əsasən, attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.

Həmçinin, qanuna yeni 11-3-cü maddə (Məhkəmə Ekspertlərinin Reyestri) əlavə edilib.

Maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək.

Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.

Eyni zamanda qanunun 11-ci maddəsi ( Məhkəmə eksperti) yeni redaksiyada verilir. Belə ki, Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı, aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:

Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;

Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmi dərəcəsinin olduğunu;

Xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.

Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirməlidir.

Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Qedy edək ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar hazırlanıb. Buna uyğun olaraq ilk növbədə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun adı və preambulasında dəyişiklik edilərək məhkəmə ekspertizasının yalnız dövlət ekspertiza idarələri tərəfindən deyil, həmçinin özəl qurumlar tərəfindən də həyata keçirilməsi nəzərdə tutulur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Məhkəmə  





Xəbər lenti