Arif Hacılının mühacir biznesi ilə bağlı növbəti yalanı ifşa edildi

  19 Noyabr 2019    Oxunub : 1653
Arif Hacılının mühacir biznesi ilə bağlı növbəti yalanı ifşa edildi
Müsavatın mühacir biznesi şəbəkəsinin ifşası partiya daxilində ciddi qarşıdurmaya səbəb olub. Belə ki, vaxtilə partiya rəhbərliyinin qanunsuz fəaliyyətinə qarşı çıxan və bu səbəbdən Arif Hacılının qəzəbinə tuş gələnlər hazırda onun istefasını tələb edirlər.
Azvision.az-ın məlumatına görə, Müsavat başqanının sabiq müavini Yadigar Sadıqlı hesab edir ki, Arif Hacılı və onun ətrafındakı şəxslər birbaşa mühacir biznesinin əsas təşkilatçılarıdır.

“Təsəvvür edin. Müsavat Avropa Koordinasiya Mərkəzi yaradır, amma onun üzvlərinin sayını gizli saxlayır. Hətta bunun açıqlanmasının tələb olunduğu Divanın xüsusi iclası 6 saatdan artıq davam etdi. Ancaq müzakirələrdən sonra siyahı sirr kimi saxlanıldı. Biz Müsavat AKM-in sədrindən hesabat tələb etdikdə, belə bir cavabla qarşılaşdıq: "Sizə hesabat verməyə borclu deyiləm. Mən ancaq başqana hesabat verirəm. Siz kimsiniz ki, sizə hesabat verim”.

Y.Sadıqlının açıqlaması partiya başqanı Arif Hacılının mühacir biznesində iştirakına dair iddiaları daha da gücləndirir. Bir qrup şəxslə birlikdə mütəşəkkil şəbəkə quran A.Hacılı öz əməllərini ört-basdır etmək üçün Müsavatda şəffaflığın təmin olunmasında maraqlı olan, partiyanın belə çirkin işlərə alət edilməsinə qarşı çıxan Yadigar Sadıqlı, Alya Yaqublu, Elman Fəttah və Vəfa Cümşüdlü kimi funksionerlərini tutduqları postlardan uzaqlaşdırıb.



Almaniyada mühacir alverçilərinin ələ keçməsindən sonra Arif Hacılı vəziyyətdən çıxış yolunu Müsavat AKM-dən imtinada görüb. Bildirib ki, Müsavat AKM partiyanın strukturu deyil, Avropada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatıdır.

Yadigar Sadıqlı bu barədə bildirib: "Təşkilatın əsasnaməsində qeyd olunur ki, Müsavat partiyasına üzv olmayan şəxs Müsavat AKM-ə üzv ola bilməz. Yaxud əgər Müsavat AKM Müsavat partiyasının strukturu deyilsə və ona bağlılığı yoxdursa, necə olur ki, partiyanın başqanı Arif Hacılı, aparat rəhbəri Gülağa Aslanlı təşkilatın təsis konfransında iştirak edir? Ardınca dəfələrlə Avropada təşkil etdiyi tədbirlərə qatılır. Ölkə daxilində bu təşkilat partiyanın resursu kimi təbliğ edilir?”

Digər mühüm məqamlardan biri mühacirətə getmək istəyən şəxslərə arayış verilməsi ilə bağlıdır. Bu məsələdə də Y.Sadıqlı Arif Hacılının yalanlarını üzə çıxarıb:

“Əslində bunlar şəxsin partiyaya üzv olduğuna dair arayış deyil. Mən bunu arayış-xasiyyətnamə adlandırardım. Çünki orada yazılanlar təkcə arayış xarakterli deyil. Daha çox xasiyyətnamədir. Burada yazılır ki, həmin adamın ölkədə dərisini soyublar, qol-qıçını sındırıblar, Azərbaycandakı təqib və təzyiqlərə görə ölkədə qalması mümkün olmayıb. Bu arayışlar ölkə daxilində istifadə üçün yararsızdır. Nə üçün? Çünki orada yazılanlar ancaq xaricə getmək üçün əsaslar yaradır. Bir daha deyim ki, o arayış-xasiyyətnamələrdə çox şeylər uydurulur, dastanlar, əfsanələr, rəvayətlər yazılır”.

Bütün bunlara Müsavat başqanı özünə məxsus tərzdə reaksiya verib. Ötən gün Müsavat Partiyasının Divanı “Araşdırma Komissiyası” yaratmaq qərarına gəlib. Amma “komissiya” partiyanın verdiyi arayışları, AKM-in fəaliyyətini deyil, partiya rəhbərliyinə qarşı irəli sürülən “ittihamları” araşdıracaq.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Müsavat   Mühacir