Azərbaycanda təhsil alan xarici kursantların sayı artır - VİDEO

   Azərbaycanda təhsil alan xarici kursantların sayı artır -    VİDEO
  18 Noyabr 2019    Oxunub:1880
1939-cu ildə əsası qoyulan Azərbaycan Ali Hərbi Məktəbində yaradılan infrastruktur təhsil prosesinin müasir standartlara uyğun şəraitdə tədrisinə imkan yaradıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hazırda ali təhsil ocağının 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır. Təhsil ocağının daxilində hazırda 10-dan çox müxtəlif ixtisaslı məktəbin fəaliyyəti cəmləşdirilib. Təhsil müəssisəsində yaradılan müasir tədris şəraiti ali məktəbdə yerli kursantlarla yanaşı xarici dövlətlərdən olan kursantların da yüksək səviyyədə hərbi təhsil almasına əlverişli imkan yaradıb.



Son illər hərbi məktəb bir çox xarici dövlətlərin hərbi təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ciddi addımlar atıb. Məhz bu əlaqələrin nəticəsidir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xarici dövlətlərdən, xüsusilə Qırğızıstan, Tacikistan və Əfqanıstandan olan kursantlar təhsil alırlar. Həmin ölkələrin kursantları yerli kursantlarla bərabər nəzəri və praktiki dərslərdə elmi və hərbi biliklər qazanırlar. O cümlədən onlar simulyator zallarında atışların həyata keçirilməsi, artilleriya, aviasiya vasitələrinin və digər zirehli texnikanın, eyni zamanda döyüş əməliyyatlarının idarə olunması kimi vərdişlərə yiyələnirlər.
Qeyd edək ki, Ali Hərbi Məktəbdə kursantların elektron və kompüter siniflərində elmin son nailiyyətləri ilə tanış olması, idman zallarında fiziki hazırlıqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb.

Artıq Qazaxıstan və Özbəkistan da öz kursantlarının Azərbaycan Ali Hərbi Məktəbində gələcəyin yüksək ixtisaslı zabitləri kimi yetişməsi üçün müraciət edib.

Onu da bildirək ki, hərbi təhsil sahəsindəki əməkdaşlıq çərçivəsində bu gün, eyni zamanda azərbaycanlı kursantlar da dünyanın bir çox dövlətlərinin nüfuzlu ali hərbi məktəblərində təhsil alırlar. Bu əməkdaşlıq prosesi isə yalnız bir məqsədə - peşəkar zabit kadrların hazırlanmasına xidmət edir.

Azvision.az


Teqlər: Xarici   Kursant   Təhsil  





Xəbər lenti