Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı olub - FOTOLAR

 Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı olub  -  FOTOLAR
  18 Noyabr 2019    Oxunub:5696
Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışı olub.
Azvision.az xəbər verir ki, açılış mərasimində Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin deputatları və yazıçılar iştirak ediblər.



Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, ev muzeyi yeni təmirdən çıxıb və burada yeni ekspozisiya açılıb.

"Cəlil Məmmədquluzadənin burada nəvəsi və nəticəsi də iştirak edir. Bu, bizim üçün gözlənilməz oldu. Cəlil Məmmədquluzadə bütün yaradıcılığı ilə bərabər, həm də azərbaycanlı idi. O, Azərbaycanın təhsili, dilinin təmizliyi uğurunda, insanların maarifləndirilməsinə çalışan şəxs olub. Mirzə Cəlilin və onun kimi fədakar, mütəfəkkirlərin, söz xadimlərinin hesabında insanlarımız, dilimiz, ədəbiyyatımız çox irəli gedib. O, dünya klassikləri ilə eyni sırada durmağa layiq insan olub".



AYB sədri Anar Rzayev çıxış edərək deyib ki, Bakıda Cəlil Məmmədquluzadənin muzeyi əvvəllər olsa da, ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalmışdı: "Mən o vaxt bu barədə bir yazı yazmışdım. Sonralar Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün öz əlyazmalarını yandırıb. Mənə elə gəlir ki, bu ocaq tək onun balalarını yox, bu gün bizi də isidir".

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, 68 illik fasilədən sonra C.Məmmədquluzadənin nəslinin nümayəndələri ilk dəfə Azərbaycana, doğma vətənə gəlib.



"Mirzə Cəlilin nəvələri İranda, Polşada, Fransa və İrlandiya yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötücəsi hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə ən böyük əsərlərini yazıb. Bu evin ona verilməsində Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də, bir il ərzində lazımı diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə ev olub. Bura Azərbaycanın görkəmli yazıçıları onunla görüşə gəliblər".



Daha sonra C. Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasına göstərilən bu diqqətə görə təşəkkürünü bildirib: "Mən təsəvvür etməzdim ki, ona Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq".

Qeyd edək ki, böyük Azərbaycan ədibi və publisisti Cəlil Məmmədquluzadənin ev muzeyi ötən ilin may ayından təmirə bağlanmışdı. Həmin ev muzeyi ədibin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yerləşir.















Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: CəlilMəmmədquluzadə   Muzey  





Xəbər lenti