“Azərbaycandan qanunsuz miqrasiyada tranzit kimi istifadə imkanları xeyli məhduddur” - Xidmət rəisi xarici KİV-in suallarını cavablandırdı

  16 Noyabr 2019    Oxunub : 8190
 “Azərbaycandan qanunsuz miqrasiyada tranzit kimi istifadə imkanları xeyli məhduddur” - Xidmət rəisi xarici KİV-in suallarını cavablandırdı
“Azərbaycanın qanunsuz miqrasiya üçün tranzit ölkə olması ehtimalı azdır, çünki dövlət orqanlarının fəaliyyəti bu sahədə beynəlxalq insan alveri şəbəkələrinin bu marşrutu öz məqsədləri üçün nəzərdən keçirməkdən, istifadə etməkdən “çəkindirir”
Azvision.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Brüsselə səfəri zamanı “ EurActiv” xəbər portalına müsahibəsində deyib.

Vüsal Hüseynov bildirib ki, Dövlət Miqrasiya Xidməti vizaların müddətinin uzadılması, qısamüddətli və uzunmüddətli yaşayış icazələrinin verilməsi, iş icazəsi, vətəndaşlıq, readmissiya məsələlərinin həlli ilə məşğul olur və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparır. Xidmət həmçinin ölkədə miqrasiya uçotunun aparılmasını həyata keçirir.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər mütəmadi bir-birinə daha da yaxınlaşır. Buraya həmçinin turizm sahəsi də aiddir. Avropa İttifaqı Azərbaycan vətəndaşları üçün əsas səyahət istiqamətlərindəndir. Dövlət orqanları vətəndaşların səyahət zamanı hər hansı çətinlik yaşamaması üçün bütün mümkün səyləri göstərirlər".

Bu məqsədlə Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqindən söz açan V.Hüseynov bildirib ki, bu xidmət əcnəbilərə üç saat, bəzən daha qısa müddət ərzində viza əldə etməyə imkan verir. Hər iki tərəfin vətəndaşlarına səyahət üçün viza tələbi müəyyən edilmişdir.

V.Hüseynov bu sahədə hansı narahatlıqların mövcud olması sualına cavab olaraq bildirib ki, Avropa İttifaqı ölkələrinə səfər edən Azərbaycan vətəndaşları üçün viza əldə edilməsi prosesində irəliləyişlər olsa da, bu istiqamətdə məsələlərin daha da inkişafına tələb var.

Müvəqqəti və ya daimi yaşama icazəsi barədə V.Hüseynov vurğulayıb ki, “Migaz” mobil tətbiqetməsinin istifadəyə verilməsi də daxil olmaqla, Azərbaycan əcnəbilərin qeydiyyat prosedurunu sadələşdirmək üçün davamlı tədbirlər görür.

Xidmət rəisi, həmçinin readmissiya haqqında danışıb. Onun sözlərinə görə, 2014-cü ildə readmissiya haqqında razılaşmanın imzalanmasından indiyədək Avropa İttifaqı ölkələrindən 1300 Azərbaycan vətəndaşı readmissiya olunub (geri qaytarılıb). Azərbaycan vətəndaşlarının readmissiyası beynəlxalq sazişə uyğun olaraq Avropa İttifaqı ölkələrinin sorğuları əsasında həyata keçirilir. İndiyə qədər 3000 sorğu cavablandırılıb, digərlərinə isə hazırda baxılmaqdadır.

“Vizasız gediş-gəliş bizim də həyata keçməsini istədiyimiz prosesdir. Lakin bu, təkcə bir ölkədən asılı deyil, bütün tərəflərin güclü iradəsini tələb edir”.

Bundan əlavə, V.Hüseynov Azərbaycan vasitəsilə Qərbə getməyə çalışan imiqrantların əsasən Banqladeş və Şri-Lanka kimi Cənub-Şərqi Asiya ölkələrindən olduğunu diqqətə çatdırıb.

İnsan alveri ilə məşğul olan beynəlxalq cinayətkar dəstələrin fəaliyyəti haqqında suala cavabında o deyib ki, bu cür halların sayı çox olmasa da, belə hallar müəyyən edilib və lazımı tədbirlər görülür.

“Azərbaycanda təhlükəsizliyə çox ciddi nəzarət olunur. Məsələnin təhlükəsizlik tərəfinə gəldikdə, Azərbaycanda yaxşı təşkil olunmuş sistem və idarəçilik var. Bu cür halları aşkara çıxarmaq üçün bizim kifayət qədər imkanlarımız var. Əlbəttə, bu biraz da preventiv xarakter daşıyır. Ölkəni tranzit nöqtəsi kimi istifadə etmək niyyətində olanlar bilirlər ki, bunun üçün Azərbaycanda imkanlar məhduddur, çünki Azərbaycanda güclü hüquq mühafizə sistemi mövcuddur”.

Qanunsuz miqrant axını ilə üzləşən Avropa ölkələrinə hansı məsləhətin verilməsinə gəlincə, o qeyd edib ki, Avropa İttifaqı müvafiq ölkələrdə potensial miqrantların Aİ-yə qanunsuz şəkildə keçməsi və ya sığınacaq üçün müraciət etdiyi təqdirdə, hansı risklərlə üzləşə biləcəkləri ilə bağlı maarifləndirmə tədbirlərinə diqqəti artıra bilər.

“Həmin miqrantların böyük qismi güman edir ki, sığınacağa müraciət etmiş şəxslər varlı Avropada çox yaxşı şəraitdə yaşayacaqlar, ancaq onlar bir gün təyyarəyə mindirilib, vətəndaşı olduğu ölkəyə geri göndərilə biləcəkləri ehtimalını qabaqcadan görməkdə çətinlik çəkirlər”.

Azvision.az

Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov