“Onlar nə əmlak, nə də gəlir vergisi verirlər” - Deputat şikayətləndi

 “Onlar nə əmlak, nə də gəlir vergisi verirlər” -    Deputat şikayətləndi
  14 Noyabr 2019    Oxunub:2769
Vergi sistemində çox ciddi islahatlar həyata keçirilib və bu, öz bəhrəsini verməkdədir.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat Vergi Məcəlləsində əqdlərlə bağlı dəyişikliyi müsbət qiymətləndirib: “Bu hər zaman mübahisə obyekti olub. Doğurdan da yalan əqdlər bağlamaqla, heç bir əmtəə, mal, xidmət olmadan kağız vasitəsilə müəyyən vəsaiti silmək, əlavə dəyər vergisini gizlətmək adi hallara çevrilib. Bunun qarşısını almaq üçün Vergilər Nazirliyinin təqdim etdiyi məsələ çox vacidbir və qəbul olunmalıdır”.

V.Əhmədov bildirib ki, dövlət büdcəsinin təxminən 4 milyard manatdan çox vəsaiti ƏDV-dən daxil olur.

“ƏDV-də inzibatçılığın təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məsələ də Vergi Məcəlləsində dəyişiklikdə öz əksini tapıb”.

Milli Məclisin üzvü sənaye parklarının 7 il müddətinə bütün vergilərdən azad edilməsinin daha 3 il müddətinə uzadılmasına etiraz ediib:

“Sənaye parkların salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub, 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3 il müddətinə uzadaq? Onlar nə əmlak, nə də gəlir vergisi verirlər. 7 il müddət kifayət etmədi ki, bu sənaye parkları rentabelli vəziyyətə gəlib çıxsınlar? Orada yalnız özəl sektor deyil, dövlətin də vəsaiti var. SOCAR Sumqayıtda müəyyən sənaye parkları yaradıb və kifayət qədər vəsait qoyub. Mən bu müddətin uzadılmasının əleyhinəyəm. Xahiş edirəm bu məsələyə yenidən baxılsın. 7 il bəs edir ki, həmin texnoparklar normal işləsin”.

V. Əhmədov bildirib ki, publik hüquqi şəxslər dövlət üçün bir bəladır: “Adını dəyişdiriblər, amma heç nə dəyişməyib. Faktiki olaraq dövlət büdcəsində maliyyələşən təşkilatlardır. Onları da biz müəyyən müddətə görülən işlərdən və xidmətdən azad edirik. Bu nə ilə əlaqədardır, bunu da bilmək istərdim”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vahid-Əhmədov  





Xəbər lenti