Sabah Albert Aqarunovun heykəlinin açılışı olacaq

   Sabah Albert Aqarunovun heykəlinin açılışı olacaq
  14 Noyabr 2019    Oxunub:6600
Sabah Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılan abidənin rəsmi açılış mərasimi olacaq.
Azvision.az -ın məlumatına görə, açılışda Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev və digər qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.



Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.

A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliQəhrəman   AlbertAqarunov   Abidə  





Xəbər lenti