4 kəndi əhatə edən yol yenidən qurulub - FOTOLAR

4 kəndi əhatə edən yol yenidən qurulub -  FOTOLAR
  13 Noyabr 2019    Oxunub:1872
Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulub.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, uzunluğu 18 km olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır.

Məlumata görə, layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu 4,2 km Boyat, 4 km Qaraxanlı və 3,1 km uzunluğa malik Hacılar kəndlərinə gedən və kəndlərin daxili avtomobil yolları, həmçinin Biləyən kəndinin 6,7 km uzunluğa malik yoldur.



Uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən qara və çınqıl örtüklü olan avtomobil yolları yararsız vəziyyətdə olub. Kəndlərə gedən və kənddaxili avtomobil yollarında torpaq yatağının orta eni 5,2-7,5 m təşkil edib.

Yolun əkin sahələrindən keçən hissələrdə yol yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşüb. Bu işlər çərçivəsində yararsız qara örtüyün mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələrinin ekskavatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılıb, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulub, torpaq yatağının bərpası işləri görülüb.



Mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin yeni boruların qoyulmasına ehtiyac olduğu üçün 416 paqon-metr uzunluğunda `müxtəlif diametrlərə malik dəmir-beton boruların quraşdırılması işləri aparılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.



Layihənin sonuncu mərhələsində yol boyu 5 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu 45 yol nişanlı və məlumatverici lövhə, 344 təhlükəsizlik dirəklərinin, yolun dərələrdən keçən hissələrində hər iki tərəfdən 610 paqon-metr əyrixətli tirlərin quraşdırılması və yolda xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılıb.







Azvision.az



Teqlər: AAYDA   Yol  





Xəbər lenti